Üç illik müharibə və Qərbdən təcriddən sonra Donald Trampın ABŞ-də hakimiyyətə gəlməsi Rusiya lideri Vladimir Putin üçün yeni möhtəşəm imkanlar dünyası açıb.
Bu barədə “New York Times” (NYT) yazır.
Nəşr bildirir ki, Ağ Evin ABŞ-nin avtokratiyaya yox, demokratiyaya dəstək bəyanatları artıq geridə qalıb. Vaşinqtonun avropalı müttəfiqləri ilə Rusiyaya qarşı vahid cəbhəsi də dağılır. Müttəfiqlərin çoxu Amerikanın yeni administrasiyasının onları Moskvadan qoruyacağı və Avropada qoşun saxlayacağına şübhə etməyə başlayıb.
Putin üçün bu, taleyin sürətli dəyişməsidir. ABŞ nəşri qeyd edir ki, Rusiya lideri artan təzyiqlər və xərclərə baxmayaraq, döyüş meydanında özünü təsdiqləyib və güc balansını təkcə Ukraynada yox, daha geniş meydanda Kremlin xeyrinə dəyişmək məqamının yetişdiyinə inanır.
“Düşünürəm ki, Putin həm Ukraynadakı müharibədə qalib gəlmək, həm də ABŞ-ni təkcə Ukraynadan yox, həm də Avropadan uzaqlaşdırmaq üçün real fürsət görür”, - amerikalı analitik Maks Berqman bildirib.
Berqmanın fikrincə, Putinin ən böyük məqsədi NATO-nu məhv etməkdir və bu, onun Rusiyadakı dördə bir əsrlik hakimiyyətində əsas hədəfidir.
Bununla belə, vurğulanır ki, Trampın qayıdışı geosiyasi mənzərəni Putinin xeyrinə dəyişsə belə, hər şey yenə də sürətlə dəyişə bilər. Corc Buş administrasiyası dövründə Ağ Evin Rusiya üzrə keçmiş baş müşaviri olmuş Tomas Qrem bunu Trampın etibarsız olması ilə əlaqələndirir.
Qrem hesab edir ki, Putin əvvəlkindən daha yaxşı vəziyyətdə olsa belə, Moskvada “qələbə”sinə şampan qədəhi qaldıracaq qədər yaxşı vəziyyətdə deyil.
“Danışıqlara başlayarkən Tramp Putinin Amerika ictimaiyyəti arasında populyar fiqur olmaması ilə bağlı əlavə çətinliklərlə də üzləşir və Kremli razı salan hər hansı razılaşmanın ABŞ-də həyata keçirilməsi çətin ola bilər”, - keçmiş baş müşavir əlavə edir.