Niderland Krallığının əlaqələndirmə üzrə səfiri Bernard Kelkes və Şərq Tərəfdaşlığı üzrə səfiri Rein Dekkersin Bakı Enerji Həftəsi və “TransLogistica Caspian” sərgisi çərçivəsində Azərbaycana səfəri gözlənilir.
Bu barədə “Report”a açıqlamasında Niderlandın Azərbaycandakı səfiri Paulina Eizema bildirib.
Səfirin sözlərinə görə, sərgilərdə Niderland şirkətlərinin iştirakı da nəzərdə tutulur: “Nümayəndə heyətində əlaqələndirmə üzrə mütəxəssis də yer alacaq və biz bu sahədə əməkdaşlıq imkanlarını araşdırmaq niyyətindəyik. Azərbaycan Orta Dəhlizin mərkəzində yerləşdiyi üçün strateji əhəmiyyətə malikdir. Qərb ölkələri Azərbaycanın bu marşrutdakı əhəmiyyətini daha yaxşı başa düşür".
P. Eizema bildirib ki, səfər çərçivəsində ölkəni daha yaxından tanımaq, iqtisadi potensialı və biznes imkanlarını öyrənmək, eyni zamanda Niderland şirkətləri üçün əməkdaşlıq perspektivlərini qiymətləndirmək məqsədilə geniş və maraqlı proqram hazırlanacaq.
Qeyd edək ki, 30-cu yubiley “Baku Energy Week” və 22-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika sərgisi – “TransLogistica Caspian” – 2–4 iyun tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək.