Вернуться назад Распечатать

Lukaşenko: "Oğlum Nikolayı böyük siyasətdə görmürəm"

Belarus prezidenti Aleksandr Lukaşenko kiçik oğlu Nikolayı böyük siyasətdə görmədiyini bildirib.

1xeber.media xəbər verir ki, dövlət başçısı bu barədə "Time" nəşrinə müsahibəsində danışıb.

"Xeyr, o varis deyil. Mən bilirdim ki, bunu soruşacaqsan. Get, özündən soruş, hətta bu sualla onu çox incidə bilərsən", deyə Belarus lideri qeyd edib.

Lukaşenko vurğulayıb ki, Nikolay qismən bir qədər müxalif mövqedə olsa da, atasının fəaliyyətini dəstəkləyir, məsələlərə bələddir və hər şeyi anlayır.

Eyni müsahibədə Lukaşenko yenidən prezidentliyə namizəd olmağı planlaşdırmadığını da açıqlayıb.

May ayında Belarus lideri hakimiyyətdə bir qədər çox qalmasının səbəbini varislərin hazırlanması ilə izah etmişdi. Onun sözlərinə görə, yeni nəsil hakimiyyətə gələcək: "Lakin gərək izləyib nəticə çıxaraq, gəncliyin nəyə qadir olduğunu anlayaq".

Lukaşenko bildirib ki, ölkənin hazırkı rəhbərliyi vətənini sevir və onu təkcə özləri üçün yox, həm də uşaqlar üçün qorumaq istəyir.

Xatırladaq ki, 27 yanvar 2025-ci ildə keçirilən prezident seçkilərində Lukaşenko 86,82% səs toplayaraq qalib gəlib. 70 yaşlı Lukaşenko 20 iyul 1994-cü ildən bəri Belarusun ilk və yeganə prezidenti olaraq fasiləsiz şəkildə bu postu icra edir.