Вернуться назад Распечатать

Dünyanın ən qoca lideri 100 yaşına qədər hakimiyyətdə qala bilər

Kamerunun hazırkı prezidenti, dünyanın ən yaşlı dövlət başçısı Pol Biya 12 oktyabrda keçiriləcək prezident seçkilərində qalib gəldiyi halda, 99 yaşına qədər hakimiyyətdə qala bilər. 

1xeber.media xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Əgər Biya seçkilərdə qalib gəlsə, bu onun ardıcıl səkkizinci prezidentlik müddəti olacaq. Ümumilikdə 13 namizəd seçki yarışına qatılır, lakin 71 nəfərin namizədliyi müxtəlif səbəblərlə qeydə alınmayıb. Onlar arasında müxalifət lideri Moris Kamto da var. Konstitusiya Şurası onun namizədliyini partiyasındakı daxili mübahisələr səbəbilə rədd etsə də, Kamto bunu siyasi motivli qərar adlandırıb.

Biyanın əsas rəqibləri arasında 78 yaşlı Demokratiya və Tərəqqi Uğrunda Milli Birlik Partiyasının sədri Bello Buba Mayqari (Biyanın 1982-ci ildəki ilk prezidentliyi zamanı hökumət başçısı olub), 75 yaşlı Kamerunun Xilasının Milli Cəbhəsi Partiyasının rəhbəri İssa Çiroma Bakari, 52 yaşlı Sosial-Demokratik Cəbhənin lideri Coşua Osix, 72 yaşlı keçmiş Qərbi Kamerun baş nazirinin oğlu Aker Muna və 38 yaşlı Milli Barışıq Partiyasının sədri Kabral Libii yer alır.

92 yaşlı Pol Biya yeni müddət üçün namizədliyini 14 iyulda irəli sürüb. O, 1982-ci ildə ilk prezident Əhmədu Babatura Əhidjonun səhhətinə görə istefa verməsindən sonra ölkəyə rəhbərlik etməyə başlayıb və indiyədək yeddi dəfə dövlət başçısı seçilib. Ondan daha uzun müddət prezident vəzifəsində yalnız 1979-cu ildən bəri hakimiyyətdə olan Ekvatorial Qvineya lideri Teodoro Obianq Nqema Mbasoqo qalır. Digər siyasi "veteran” isə 1978-ci ildən (beş illik fasilə ilə) Konqo prezidenti postunu icra edən Deni Sasu-Nqessodur.