Вернуться назад Распечатать

Boks çempionu hicabla bürünüb - Radikal islamı təbliğ etməkdə ittiham olunur

Keçmiş almaniyalı boks çempionu Xanna Hansen indi sosial mediada radikal islamın "siması"na çevrilib.

1xeber.media bu barədə "Bild"ə istinadən xəbər verir.

Qeyd edilir ki, Almaniyada xüsusi xidmət orqanları keçmiş peşəkar idmançı və DJ olan Xanna Hansenin fəaliyyəti ilə bağlı ciddi narahatlıq keçirir. Bir müddət əvvəl o, ictimaiyyət qarşısına açıq sarı saçları və idman geyimində çıxırdı, indi isə hicab geyinir və aralarında məhkumluq həyatı yaşamış şəxslərin də olduğu radikal islamçılarla ünsiyyət qurur. Almaniya Federal Konstitusiyanın Mühafizəsi İdarəsinin yeni hesabatına əsasən, Hansen ölkədəki ən təhlükəli "islamçı influencer"lər siyahısına daxil edilib.

Məlumata görə, Hansen sosial şəbəkələrdən fəal şəkildə istifadə edərək qızları islamçı mühitə cəlb etməyə çalışır. Onun "Instagram” hesabının təxminən 200 min izləyicisi var, onların arasında Bavariya kəşfiyyatının əməkdaşları da mövcuddur. Xüsusi xidmət orqanlarının yeni hesabatında ona "İslamçı influencer Xanna Hansen” adlı ayrıca bölüm həsr olunub.

Sənəddə qeyd olunur ki, Hansen özünün islamı qəbul etməsi təcrübəsinə əsaslanaraq qızları hicab taxmağa, dünyəvi həyatdan imtina etməyə və şəriət normalarına əməl etməyə təşviq edir. Videomateriallarında o, nikahdan əvvəlki cinsi münasibətləri pisləyir, homoseksuallığa qarşı çıxır və şəriət qanunlarını təbliğ edir.

"Mən hesabatlarda həm Bavariyada, həm də Şimali Reyn-Vestfaliyada birbaşa qeyd olunduğumu bilirəm. Mənə fərqi yoxdur, bu heç nəyi dəyişmir. Nə istəyirlər yazsınlar - mən davam edəcəyəm", deyə Hansen "Bild”ə açıqlamasında deyib.

Alman xüsusi xidmət orqanlarının narahatlığı, görünür, ölkədə xaricilərin iştirakı ilə baş verən terror aktları ilə əlaqəlidir. Məsələn, 2025-ci ilin martında Manhaym şəhərində bir kişi avtomobili ilə insanların üzərinə çırpılıb - iki nəfər həlak olub, daha 25 nəfər yaralanıb. Hadisə insanlar karnaval mövsümünü qeyd etmək üçün paradda toplaşarkən baş verib.

Bundan əvvəl, Münhendə beynəlxalq Təhlükəsizlik Konfransından bir gün əvvəl, "Mini Cooper” markalı avtomobil həmkarlar ittifaqı nümayişinin iştirakçılarına çırpılıb. Təxminən 30 nəfər, o cümlədən uşaqlar xəsarət alıb. Sürücü – 24 yaşlı, Əfqanıstan əsilli, Almaniyada sığınacaq axtaran şəxs olub. Onun daha əvvəl oğurluq və narkotiklərlə bağlı cinayətlərə görə məsuliyyətə cəlb olunduğu, lakin ölkədən deportasiya edilmədiyi bildirilir.