ABŞ prezidenti Donald Tramp "Truth Social" hesabında iki şəkildən ibarət kollaj yayımlayıb.
1xeber.media xəbər verir ki, ilk şəkil onun Rusiya prezidenti Vladimir Putinlə Alyaskada görüşü zamanı çəkilib. Şəkildə amerikalı lider barmağı ilə rus həmkarını göstərir. 1959-cu ilə aid ikinci kadrda isə keçmiş ABŞ vitse-prezidenti Riçard Nikson eyni hərəkəti sovet lideri Nikita Xruşşova doğru edir.
İkinci şəklin müəllifi - tanınmış amerikalı fotoqraf Elliot Ervittdir. "Magnum Photos" agentliyinin saytında qeyd olunur ki, şəkil 24 iyul 1959-cu ildə, o zamanlar ABŞ vitse-prezidenti Riçard Niksonun Rusiyanın paytaxtına səfəri zamanı Moskvadakı Qorki Parkında Amerikanın Milli Sərgisinin açılışında çəkilib.
Şəkil "Mətbəx debatları" qeyri-rəsmi adı ilə məşhurlaşıb, çünki fotoqraf dialoq iştirakçılarını tipik bir amerikan mətbəxinin modeli yanında kommunizm və kapitalizm barədə öz baxışlarını müzakirə edərkən lentə alıb.
"Magnum Photos"un məlumatına görə, bu, amerikalılar üçün ABŞ və SSRİ arasındakı qarşıdurmanın simvoluna çevrilib. Materialda deyilir: "Bir çox amerikalı bunu Niksonun xarici dövlətlər qarşısında öz mövqeyini qətiyyətlə müdafiə etməkdən qorxmaması siqnalı kimi qəbul etdi".
Şəkil 1960-cı ildə Riçard Niksonun prezident kampaniyası zamanı onun seçki qrupu tərəfindən istifadə edilib.
Rusiya və ABŞ liderləri 15 avqustda Alyaskada görüşüblər. ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun sözlərinə görə, danışıqlar zamanı rus tərəfi olduqca tez güzəştə gedib, bu da tərəqqi əldə etməyə imkan verob. "Axios" portalı iddia edib ki, ilkin olaraq Tramp Rusiya Federasiyası prezidentinin ərazi məsələlərindəki "maksimalist tələbləri" səbəbiylə görüşü bitirmək istəyirmiş, lakin Putin öz mövqeyini yumşaldıb. "The Wall Street Journal" qeyd edib ki, Ukrayna prezidenti Volodimir Zelenski 18 avqustda ABŞ prezidenti ilə danışıqlar zamanı "mütənasib mübadilə" imkanını nəzərdən keçirə biləcəyini söyləyib.