Belqorod vilayətində kişi avtomobilində yüksək səslə musiqi dinləyən qonşusunu döyərək bıçaqlayıb. Hadisə nəticəsində zərərçəkmiş şəxs həyatını itirib.
1xeber.media Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Belqorod vilayəti üzrə İstintaq İdarəsi məlumat yayıb.
İstintaqın məlumatına görə, 39 yaşlı təqsirləndirilən şəxs uzun müddət qonşusunun yüksək səslə musiqi dinləməsindən narazılıq edib və aralarında dəfələrlə mübahisə yaşanıb. İyunun 15-də həmin şəxs növbəti dəfə avtomobilinə əyləşərək, musiqi səsləndirdikdə müttəhim aqressiv reaksiya verib.
O, əvvəlcə qonşusuna dəmir parçası ilə hücum edib, daha sonra isə onu pilləkənlərdən yerə yıxaraq bıçaqla dörd zərbə endirib. Eyni zamanda, dəmir parçası ilə zərərçəkmişin baş və bədən nahiyələrinə xəsarətlər yetirib.
Yaralı dərhal xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsi (qəsdən adam öldürmə) üzrə cinayət işi açılıb. Hazırda istintaq davam edir və materialların məhkəməyə təqdim olunacağı bildirilib.
Rusiya qanunvericiliyinə əsasən, bu maddə üzrə təqsirləndirilən şəxs 15 ilədək azadlıqdan məhrum edilə bilər.