ABŞ Prezidenti Donald Tramp Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində ərəb və müsəlman liderləri ilə görüşdə Qəzza zolağında münaqişənin həlli ilə bağlı yeni planı açıqlayıb.
1xeber.media xəbər verir ki, bu barədə Britaniyanın “Faynəşnl Tayms” (FT) qəzeti mənbələrə istinadən məlumat yayıb.
FT-yə görə, planın əsas təhlükəsizlik elementi münaqişə bitdikdən sonra anklavı sabitləşdirmək üçün Qəzzaya ərəb və müsəlman qüvvələrindən ibarət hərbi kontingentin göndərilməsi ideyasıdır. Bundan başqa, Amerikanın təklifində HƏMAS hərəkatı tərəfindən saxlanılan bütün girovların dərhal azad edilməsini tələb edən bənd də var.
Plan ilkin olaraq İsrail Müdafiə Qüvvələrinin yanvardan mart ayına qədər müvəqqəti atəşkəs dövründə tutduqları mövqelərə qayıtmasını tələb edir. Ərəb-müsəlman hərbi kontingenti formalaşdıqdan sonra İsrail qüvvələri anklavdan tamamilə geri çəkiləcək.
Nəşr qeyd edib ki, plana əsasən, qəzzalılar məcburi köçürülməyək və HƏMAS ərazinin idarə olunmasında heç bir rol oynamayacaq. Əvəzində Fələstin Komitəsi adlanan quruma nəzarət etmək üçün beynəlxalq nəzarət orqanı yaradılacaq. Fələstin Milli Administrasiyasının nümayəndələrinin daxil olacağı bu struktur müvəqqəti müddət üçün Qəzzanı idarə edəcək.