44 günlük müharibədə Şuşa və ətraf ərazilərdə döyüşən erməni separatçılarının komandiri olmuş general-leytenant Mikael Arzumanynanın vəziyyətinin yaxşı olmadığı bildirilir.
Bu barədə “Hraparak”a onun yaxınları məlumat verib.
2022-ci ildən həbsdə olan Arzumanyanın psixoloji sarsıntı keçirdiyi, əsəblərinin pozulduğu, vəziyyətinin yaxşı olmadığı deyilir.
Məlumata görə, Ermənistan parlamentinin müxalifətçi deputatları Qeqam Manukyan və Tiqran Abramyan tez-tez ona baş çəkirlər. Arzumanyanın bütün qohumlarının, dostlarının, Ermənistan ordusundakı həmkarlarının, o cümlədən Qarabağdan İrəvana köçən separatçılar arasındakı yaxınlarının ondan üz çevirdiyi qeyd edilir.
Ermənistanın keçmiş müdafiə naziri Vigen Sərkisyanın dövründə onun təşəbbüsü ilə 51 yaşlı separatçıya verilən evin də əlindən alınacağı iddia olunur.
Qeyd edək ki, Mikael Arzumanyan 2020-ci ildə oktyabrın 27-də Şuşa ətrafındakı separatçı birliklərdən birinə komandir təyin edilib. O, döyüşləri cəmi 10 gün davam etdirə bilib.
Həmçinin müharibə zamanı vəziyyətin gərginləşdiyini görərək strateji “Areqasar” yüksəkliyindən geri çəkilmə əmri verib. 2022-ci ildə bu səbəbdən ittiham olunaraq saxlanılıb. Arzumanyanın həbs müddəti bu il avqustun 31-də başa çatıb. Lakin məhkəmə həbs müddətini uzadıb.
Globalinfo.az