Вернуться назад Распечатать

Makron əvvəlcə Bakı ilə razılaşmalı idi - Üç günlük qonağın siyasi səhvi

1xeber.media xəbər verir ki, Fransa prezidenti Emmanuel Makronun Ermənistana son səfəri təkcə Paris-İrəvan münasibətlərinin dərinləşməsi ilə deyil, həm də regionda yeni geosiyasi siqnalların formalaşması ilə diqqət çəkdi. 

Səfərin ən çox rezonans doğuran detalı isə Makronun Ermənistan-Türkiyə sərhədini quru yolu ilə keçmək planı olub. Onun bu istəyi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən şəxsən bloklandı. Bu qərar formal olaraq diplomatik protokol məsələsi kimi görünsə də, əslində Ankara, Bakı və Paris arasında formalaşan daha geniş strateji qarşıdurmanın indikatorudur.

1993-cü ildən bəri bağlı qalan Türkiyə-Ermənistan sərhədi regionun ən simvolik siyasi xətlərindən biridir. Ankara həmin dövrdə sərhədi Azərbaycanın ərazi bütövlüyünə dəstək məqsədilə bağlamışdı. Bu səbəbdən sərhədin açılması məsələsi heç vaxt yalnız ikitərəfli humanitar və ya iqtisadi məsələ olmayıb. Proses həmişə Azərbaycan-Ermənistan münasibətlərinin dinamikası ilə paralel şəkildə qiymətləndirilib.

Son illərdə normallaşma istiqamətində müəyyən texniki addımlar atılıb. Xüsusi nümayəndələrin görüşləri, birbaşa aviareyslərin bərpası, kommunikasiya imkanlarının müzakirəsi və keçid məntəqəsinin açılışa hazırlanması Ankaranın prinsipial şəkildə prosesə qapını bağlamadığını göstərirdi. Lakin Türkiyə eyni zamanda davamlı olaraq bir mesaj verir: sərhədin açılması regional siyasi reallıqlardan kənar olan xarici güclərin təşəbbüsü ilə baş tutmayacaq.

Makronun sərhədi keçməsi isə sıradan diplomatik səfərdən daha artıq simvolik məna daşıyırdı. Əgər bu addım reallaşsaydı, Fransa prezidenti özünü Türkiyə-Ermənistan yaxınlaşmasının siyasi katalizatoru kimi təqdim edəcəkdi. Ankara isə bunun qarşısını almaqla prosesin müəllifliyinin region ölkələrində qalacağını nümayiş etdirdi.

Məsələ ilə bağlı Azərbaycanın mövqeyi öyrənildikdən sonra qərar ən yüksək siyasi səviyyədə rədd edilib. Bu detal xüsusilə diqqətəlayiqdir. Çünki bu, Türkiyənin Ermənistan siyasətində Bakı ilə koordinasiyanı taktiki deyil, strateji xətt kimi saxladığını göstərir.

Dosya:Recep Tayyip Erdogan 2020 visit to Baku with Ilham Aliyev 25.jpg -  Vikipedi

2020-ci ildən sonra formalaşan regional düzən Türkiyə-Azərbaycan tandeminin təsir imkanlarını əhəmiyyətli dərəcədə artırıb. Qarabağ müharibəsindən sonra yaranmış yeni reallıqda Ankara və Bakı Cənubi Qafqazda qərarverici aktor statusunu gücləndiriblər. Bu kontekstdə Fransa kimi xarici güclərin vasitəçilik və ya siyasi təsir imkanları əvvəlki dövrlərlə müqayisədə daha məhduddur. 

Ərdoğanın veto qərarı həm də o mesajı verdi ki, regionda geosiyasi legitimlik artıq yalnız Qərbin diplomatik təşəbbüsləri ilə formalaşmır. Ankara və Bakı regional məsələlərin region daxilində həll olunması modelini ön plana çıxarmağa çalışırlar.

Ümumiyyətlə, Makronun İrəvana səfəri təsadüfi zamanlamaya malik deyildi. Ermənistanın son illərdə Rusiya təhlükəsizlik orbitindən qismən uzaqlaşmaq cəhdləri Avropa İttifaqı və xüsusilə Fransa tərəfindən fəal şəkildə dəstəklənir. Paris həm siyasi, həm müdafiə, həm də iqtisadi sahələrdə Ermənistanla əlaqələri genişləndirərək regionda öz təsirini artırmağa çalışır.

Makronun "Ermənistan Avropaya doğru yol seçib" mesajı əslində daha geniş geosiyasi xəttin tərkib hissəsidir. Fransa bununla Cənubi Qafqazda Rusiyanın zəifləyən mövqeyindən yaranan boşluğu doldurmağa cəhd edir. Lakin problem ondadır ki, Parisin regiondakı təsiri siyasi bəyanatlar səviyyəsində yüksək görünsə də, real təhlükəsizlik və kommunikasiya arxitekturasında Türkiyə və Azərbaycanın imkanları daha genişdir.

Bu səbəbdən Makronun sərhədi keçməsi Fransa üçün simvolik diplomatik qələbəyə çevrilə bilərdi. Ankara isə bu görüntünün yaranmasına imkan vermədi. Fransa liderinin səhvi onda oldu ki, rəsmi Bakının yeni reallıqlar fonunda regionda təsir gücünü görə bilmədi. Bu mənada Makron əvvəlcə Bakı ilə razılaşmalı idi. O, İrəvanda verdiyi qərəzli bəyanatlardan, qondarma "erməni soyqırımı" abidəsini ziyarət etməsindən sonra sözünün yerə salınacağını anlamalı idi. 

Erdogan caught Macron by the finger at the summit in Albania | Известия

Məsələ yalnız Ermənistanla məhdudlaşmır. Son illər Türkiyə və Fransa arasında Aralıq dənizi, Liviya, NATO daxilində təhlükəsizlik yanaşmaları və Yunanıstan-Kipr məsələlərinə görə ciddi fikir ayrılıqları mövcuddur. Parisin Afina ilə hərbi əməkdaşlığı genişləndirməsi və Ankaranın regional siyasətinə qarşı sərt ritorikası Türkiyədə Fransaya qarşı strateji etimadsızlığı artırıb.

Ermənistan məsələsi də həmin qarşıdurmanın davamı kimi qəbul edilir. Türkiyə siyasi dairələri Fransanın erməni siyasətini təkcə humanitar və ya tarixi məsələ kimi deyil, Ankaraya qarşı geosiyasi təzyiq aləti kimi qiymətləndirirlər.

Bu fonda Makronun sərhədi keçmək təşəbbüsü Türkiyədə real nəticədən daha çox siyasi görüntü yaratmağa hesablanmış addım kimi qiymətləndirildi. 

Baş verən hadisə bir mühüm tendensiyanı daha aydın göstərdi: Cənubi Qafqazda qərarvermə mərkəzi tədricən regionun daxilindəki aktorların əlinə keçir. Avropa İttifaqı və Fransa diplomatik təsir imkanlarını artırmağa çalışsalar da, sərhədlər, kommunikasiyalar və təhlükəsizlik məsələlərində əsas söz sahibi yenə də Türkiyə, Azərbaycan və müəyyən mənada Rusiyadır.

Bu isə Ermənistan üçün mürəkkəb seçim yaradır. İrəvan bir tərəfdən Avropa ilə yaxınlaşmanı sürətləndirməyə çalışır, digər tərəfdən isə coğrafi və iqtisadi reallıqlar onu region dövlətləri ilə anlaşmaya məcbur edir. Türkiyə sərhədinin açılması da nəticə etibarilə Parisin siyasi dəstəyi ilə deyil, Bakı-İrəvan-Ankara xəttində əldə olunacaq real razılaşmalarla mümkün olacaq.

Ərdoğanın veto qərarı məhz bu geosiyasi həqiqəti nümayiş etdirdi. İndi Cənubi Qafqazda simvolik jestlərdən daha çox, regional güc balansı və strateji koordinasiya həlledici rol oynayır.