Böyük Britaniyada büdcə kəsiri gözlənilmədən 1,8 milyard funt oldu
1xeber.media xəbər verir ki, Böyük Britaniyanın büdcə kəsiri iyul ayında 1,8 milyard funt sterlinq təşkil edib.
Məlumata görə, hökumət analitikləri iyul ayında vergi daxilolmalarının artması səbəbindən büdcədə kəsir yaranmayacağını gözləyirdilər. Lakin faktiki olaraq dövlət gəlirləri proqnozlardan aşağı olub və xərclərin artımı gəlirlərin artımını üstələyib.
Maliyyə ilinin ilk dörd ayında Böyük Britaniyanın ümumi büdcə kəsiri 56,7 milyard funt sterlinq təşkil edib. Bu göstərici ötən ilin eyni dövründən aşağı olsa da, Büdcə Məsuliyyəti Ofisinin proqnozundan 2,3 milyard funt çoxdur.
Ölkənin ümumi dövlət borcu isə 2,98 trilyon funt sterlinqə, yəni ÜDM-in 94 faizinə çatıb. Bu, bir il əvvəllə müqayisədə 96 milyard funt sterlinq çoxdur.
İqtisadçı Martin Bek bildirib ki, Britaniya hökuməti müdafiə, mənzil, infrastruktur və dövlət xidmətləri sahələrində artan xərclər fonunda ciddi maliyyə təzyiqi ilə üzləşir.
Qeyd edək ki, ölkədə iyul inflyasiyası da 2,9 faizə yüksəlib. Bu göstərici iyunda 2,6 faiz təşkil edirdi.