1xeber.media xəbər verir ki, Qazaxıstanda Xəzər dənizində hərbi təlimlər zamanı hərbçilərin ölümü ilə bağlı 5 vəzifəli şəxs saxlanılıb.
Saxlanılanlar arasında Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavini, iki hərbi hissə komandiri, həmçinin dəniz piyadaları bölüyünün və katerin komandirləri var.
İstintaqın ilkin məlumatına görə, vəzifəli şəxslər xidməti vəzifələrə səhlənkar yanaşmaqda, təhlükəsizlik tədbirlərini lazımi səviyyədə təmin etməməkdə və hərbi təlimlərin təşkili zamanı meteoroloji şəraiti düzgün nəzərə almamaqda şübhəli bilinirlər.
Hadisə sentyabrın 24-də Manqistau vilayətində, Aktau şəhərindən təxminən 43 kilometr aralıda keçirilən “Xəzər Qalxanı-2026” təlimləri zamanı baş verib. Əlverişsiz hava şəraitində hərbçilərin katerdən sahilə çıxarılması zamanı bir neçə hərbçi dənizə aparılıb.
İstintaq çərçivəsində 30-dan çox hərbçi dindirilib, sənədlər və videomateriallar götürülüb, 12 ekspertiza təyin edilib.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev sentyabrın 25-ni ölkədə matəm günü elan edib.