Türkiyənin İğdır şəhərində Azərbaycan İncəsənət Həftəsi çərçivəsində Azərbaycan sənətkarlarının zəngin konsert proqramı və moda sərgisi təşkil olunub.
Bu barədə 1xeber.media -ya Türkiyədə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.
Tədbir Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi, İğdır Valiliyinin və Azərbaycanın Qarsdakı Baş Konsulluğunun dəstəyi ilə keçirilib.
Tədbirdə Kars Valisi Fırat Taşolar, Azərbaycanın Qarsdakı Baş Konsulu Qoşqar Zeynalov, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, yerli dövlət ictimaiyət, mədəniyyət təmsilçiləri, çoxsaylı ığdırlılar iştirak ediblər.
Azərbaycan mədəniyyətinin, milli musiqi və incəsənətinin Türkiyədə tanıdılması məqsədi daşıyan tədbirdə ölkəmizin zəngin mədəni irsi, milli geyim ənənələri, musiqi və rəqs sənəti təqdim olunub. Azərbaycan-Türkiyə qardaşlığı, tariximiz, zəngin mədəniyyətimiz haqqında məlumat verilib. Azərbaycan milli geyimlərinin moda sərgisi keçirilib. Bakı Milli Geyim Evininin milli geyim kolleksiyasına aid libaslar moda dəfiləsində nümayiş etdirilib.
Daha sonra Azərbaycan incəsənət ustalarının iştirakı ilə konsert proqramı təqdim olunub.
Konsertdə Azərbaycanın və Özbəkistanın Xalq artisti Gülyanaq Məmmədova, azərbaycanlı vokalistlər İlkin Dövlətov və Elgün Quliyev çıxış edərək Azərbaycan musiqi sənətinin müxtəlif janrlarını əhatə edən ifalar səsləndiriblər.
Tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Zəngəzur” Rəqs Ansamblı, “Cəngi”, “Mirzeyi-Vağzalı”, “Naz eləmə” milli rəqslərimizi nümayiş etdirərək konsert proqramına xüsusi rəng qatıb.









