Вернуться назад Распечатать

Finlandiya Ukrayna müharibəsinin başa çatdırılması üçün 6 təklif irəli sürdü

Finlandiya Prezidenti Aleksandr Stubb Ukraynada müharibənin nizamlanması ilə bağlı danışıqların aparılması üçün altı əsas istiqamət təklif edib.

1xeber.media “Financial Times” a istinadən xəbər verir ki, Stubb hesab edir ki, danışıqların gündəliyini məhz Avropa tərəfi müəyyənləşdirməlidir.

“Hazırda gündəliyi məhz bizim müəyyən etməyimiz çox vacibdir. Bunun üçün, ilk növbədə, qrafikə, ikincisi isə gündəliyə ehtiyacımız var”, – deyə Finlandiya Prezidenti bildirib.

Stubb danışıqların aşağıdakı altı istiqamət üzrə aparılmasını təklif edib:

  • Ukraynanın təhlükəsizliyinə təminatların verilməsi;
  • ərazi bütövlüyünün qorunması;
  • münaqişədən sonrakı dövrdə ölkənin iqtisadi rifahının təmin edilməsi;
  • etimadın möhkəmləndirilməsi tədbirləri;
  • atəşkəsin əldə olunması;
  • gələcək təhlükəsizlik sisteminin formalaşdırılması.

Finlandiya liderinin sözlərinə görə, E5 ölkələrinin, Avropa İttifaqının və NATO-nun milli təhlükəsizlik üzrə müşavirləri, eləcə də Rusiya, Ukrayna və ABŞ rəsmiləri arasında təklif olunan danışıqlar yalnız texniki məsələləri əhatə edəcək.

Qeyd edək ki, Aleksandr Stubb bundan əvvəl Avropanın Rusiya ilə əlaqələrdən imtina etməsini məsuliyyətsiz qərar adlandırmışdı. Onun fikrincə, Avropa ölkələrinin liderləri reallığı nəzərə almalı və Rusiya Prezidenti Vladimir Putinlə birbaşa dialoqa başlamalıdırlar.

Stubb hesab edir ki, Ukrayna münaqişəsinin həlli istiqamətində diplomatik təmasların bərpası və danışıqlar prosesinin konkret çərçivəyə salınması mühüm əhəmiyyət daşıyır.