ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinin onunla görüşmək istəyini və tərəflərin belə bir görüşə hazırlaşdığını açıqlayıb. Həmçinin Kremlin mətbuat katibi Dmitri Peskov da Putinin heç bir şərt olmadan Trampla görüşəcəyini bildirib. Lakin təşəbbüsün Vaşinqtondan gəldiyini və Moskvanın bunu alqışladığı qeyd edilib.
Hazırda Trampın andiçməsindən ən çox maraqla gözlənilən məsələlərdən biri də ABŞ və Rusiya rəhbərlərini görüşüdür. Bu, həm iki ölkə arasındakı münasibətlərin gedişatı, həm də Ukrayna müharibəsinin taleyi baxımından maraq doğurur.
Rusiya və Rusiya arasında əlaqələrinin bərpası dünyada hansı yeniliklərə səbəb olacaq? Trampın Putinlə görüşündən sonra, iki liderin Çin prezidenti ilə bir araya gəlməsi də mümkündürmü?
Globalinfo.az-a danışan siyasi şərhçi Elvin Baxşalızadə deyib ki, bu, uzun müddətdir proqnozlaşdırılan və nəticəsi maraqla gözlənilən görüşdür:
“Çünki Tramp seçki kampaniyası dönəmində Rusiya-Ukrayna savaşını bir gün ərzində dayandıracağı ilə bağlı iddialı vəd vermişdi. Həmçinin, o, ABŞ-Rusiya münasibətlərini də masaya yatırmaq və yenidən düzənləmək niyyətindədir.
Rusiya tərəfi 3 illik gərgin müharibə və iqtisadi sanksiyalardan qurtulmaq, mövcud geopolitik bataqlıqdan çıxmaq istəyir. Bu baxımdan Putinin ABŞ prezidenti ilə görüş istəyi yerində qəbul edilmiş vacib qərardır. Bu görüş qarşıdakı perspektiv üçün dünya tarixinə yön verəcək. Çünki adı çəkilən iki böyük güc mərkəzi arasındakı gərginlik və genişlənərək davam edən Rusiya-Ukrayna savaşı ümumilikdə bütün Avropa qitəsi və dünya üçün təhdidlər yaradır”.
Ekspertin sözlərinə görə, ikitərəfli görüşlərdən sonra ilk növbədə ABŞ-Rusiya münasibətlərində “yumşalma”nın müşahidə olunacağı ehtimal edilir:
“İqtisadi sanksiyalar tədricən aradan qaldırılacaq. Rusiya-Ukrayna savaşı da böyük ehtimalla 2025-ci ildə dayanacaq. Amma burada yekun sülhdən söhbət getmir. Sadəcə olaraq münaqişə qeyri-müəyyən müddətə qədər “dondurulacaq”.
Lakin ABŞ, Rusiya və Çin liderlərinin üçtərəfli görüşünün olacağını düşünmürəm. Fikrimcə, Tramp dönəmində Vaşinqton-Pekin münasibətləri gərginləşəcək. Hər iki tərəf iqtisadi rıçaqları işə salacaq və qlobal miqyasda böyük bazarlar uğrunda “savaşlar” müşahidə edəcəyik”.