Son günlər Gürcüstanda sakitlik müşahidə edilir. Aksiyalar səngiyib, etirazlar azalıb. Bir çox ekspert Gürcüstanın hazırkı vəziyyətini “fırtına qabağı sakitlik” kimi dəyərləndirir.
Gürcüstanda vəziyyət nə yerdədir? Qərbin növbəti həmləsi olacaqmı?
Globalinfo.az-a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri, politoloq Xəyal Bəşirov deyib ki, Gürcüstanda zaman-zaman etiraz aksiyaları olsa da əvvəlki kimi intensiv xarakter daşımır:
“Artıq kütləvi etirazlar etmək üçün küçələrə yığışmırlar. Lakin Gürcüstandakı proseslərin drijoru rolunu oynayan Qərb ölkələri mövcud vəziyyətlə barışmaq niyyətində deyillər. Sadəcə bəzi prosesə hüquqi zəmin yaradacaq addımlar atılır. Məsələn, ABŞ-da Respublikaçılar və Demokratlar partiyaları arasında qanun layihəsi hazırlanıb. Bu layihəyə görə, Gürcüstanda keçirilən seçkilər və formalaşan hakimiyyət tanınmayacaq”.
Politoloqun sözlərinə görə, Gürcüstanın Baş naziri İrakli Kobaxidze, ölkə başçısı Mixeil Kavelaşvili və Gürcü Arzusu Partiyasının fəxri sədri və təsisçisi Bidzina İvanişvilinin qeyri-legitim hesab olunması ilə bağlı hazırlanan qanun layihəsi etiraz aksiyalarının leqallaşdırılmasına zəmin yaradacaq:
“Bu halda keçmiş Prezident Salome Zurabişvili və ətrafının etirazlarının şahidi olacağıq. İndiki mərhələdəki sükut həmin anda böyük fırtına ilə əvəzlənəcək. Qanun layihəsinin təsdiqlənməsindən sonra Avropada da analoji addımın atılmasının şahidi ola bilərik. Doğrudur, müəyyən sanksiyaların tətbiqi haqqında müzakirələr gedir, amma bunun daha da sərtləşdirilməsi istisna edilmir. Qərbin Cənubi Qafqaz uğrunda mübarizəsinin əsas qapısı Gürcüstan hesab olunur. Onlar Gürcüstanı rahat buraxmayacaqlar. Digər tərəfdən gürcü xalqı kənar qüvvələrin onların daxili işlərinə müdaxiləsinə imkan verməmək niyyətindədir”.