Rusiya Prezidenti Vladimir Putin Donald Trampı Amerika Birləşmiş Ştatlarının Prezidenti vəzifəsinin icrasına başlaması münasibətilə təbrik edib.
1xeber.media xəbər verir ki, bu barədə Rusiya dövlətinin başçısı Təhlükəsizlik Şurasının üzvləri ilə operativ müşavirədə bildirib.
“Biz ABŞ-ın yeni seçilmiş Prezidentinin və onun komandasının üzvlərinin Rusiya ilə birbaşa əlaqələri bərpa etmək istəyi ilə bağlı bəyanatını görürük ki, bu da bizim günahımız olmadan gedən administrasiya tərəfindən kəsilib. Onun üçüncü dünya müharibəsinin qarşısını almaq üçün hər şeyi etmək lazım olduğuna dair bəyanatını da eşidirik. Əlbəttə, biz bu münasibəti alqışlayırıq və Amerika Birləşmiş Ştatlarının seçilmiş Prezidentini vəzifəyə başlaması münasibətilə təbrik edirik", - deyə Putin bildirib.
O qeyd edib ki, Rusiya Ukrayna münaqişəsi ilə bağlı Tramp administrasiyası ilə dialoqa açıqdır, lakin bu nizamlanmanın məqsədi qısamüddətli atəşkəs yox, uzunmüddətli sülh olmalıdır. “Burada ən vacib məsələ dəfələrlə danışdığımız böhranın əsas səbəblərini aradan qaldırmaqdır. Bu, ən vacib şeydir", - deyə Rusiya Prezidenti vurğulayıb.