İqtisadçı Rövşən Ağayev gələn ildən mənzillərin kirayəyə verilməsi ilə bağlı tətbiq olunacaq yeni vergi qaydalarını şərh edib.
O deyib ki, yayılan xəbərlərə əsasən, gələn ildən mənzilini kirayə verənlər ödəmə mənbəyində 10 faiz vergi ödəyəcəklər. Lakin iqtisadçının sözlərinə görə, öhdəlik bununla bitmir.
R.Ağayev bildirib ki, əgər kirayəyə götürən şəxs qeyri-sahibkarlıq subyekti olacaqsa, bu halda Vergi Məcəlləsinin tələblərinə əsasən, kirayəyə verən şəxs vergi ödəyicisi kimi özü uçota durmalı, həm də ödəmə mənbəyində vergini tutub ödəməlidir.
İqtisadçı vurğulayıb ki, vergi uçotuna durmaq avtomatik olaraq sosial və tibbi sığorta öhdəliklərinin də yaranması deməkdir.
O, misal gətirib: “Məsələn, Bakıda mənzilini aylıq 500 manata kirayəyə verən şəxs 50 manat gəlir vergisi ödəyəcəksə, indiki dərəcələrlə əlavə olaraq 100 manat sosial, 16 manat isə tibbi sığorta haqqı ödəməli olacaq. Yəni 500 manat kirayə haqqı üçün ümumilikdə 166 manat, yəni 30 faizlik vergi yükü yaranacaq".