"Hazırda Azərbaycanda 500 mindən 700 minədək qanunsuz tikilinin mövcud olduğu bildirilir. Bu tikililərin əsas problemi mülkiyyət hüquqlarının tanınmaması, yəni sənədsiz olmalarıdır”.
1xeber.media xəbər verir ki,bunu daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov Demokrat.az-a açıqlamasında deyib.
O qeyd edib ki, nəticədə bələdiyyələr həmin əmlaklardan əmlak vergisi toplaya bilmir və bu, onların gəlirləri baxımından qeyri-səmərəli vəziyyət yaradır:
“Əgər bu tikililər gələcəkdə sənədləşdirilərsə və mülkiyyət hüquqları rəsmiləşdirilərsə, həmin evlərin sahibləri əmlak vergisi ödəyicisinə çevriləcəklər. Bu halda bələdiyyələrin vergi gəlirləri artacaq. Lakin sənədləşmə prosesi başa çatmadan vergi yığımı mümkün deyil. Qanunsuz tikililərin sənədləşdirilməsinin qarşısında bir sıra hüquqi və texniki maneələr mövcuddur. Bunlara müxtəlif dövrlərdə verilmiş, lakin hüquqi qüvvəsi olmayan sənədlər bələdiyyə arayışları, icra sərəncamları və s. daxildir. Həmçinin sovet dövründən qalan bəzi icazələr hazırkı qanunvericiliyə uyğun gəlmir. Heç bir sənədi olmayan, özbaşına tikilmiş evlərin çoxluğu da vəziyyəti daha da çətinləşdirir. Bundan əlavə, qanunvericilikdə bu kimi halların leqallaşdırılması üçün mexanizmlərin olmaması problemin davamlılığını artırır”.
Ekspert deyib ki, bu məsələ tək bir qurumun səlahiyyətində deyil:
“Əmlak Məsələləri Dövlət Xidməti, yerli icra orqanları və bələdiyyələr arasında koordinasiyalı fəaliyyət vacibdir. Ən önəmli addım isə normativ-hüquqi bazanın formalaşdırılmasıdır. Bu, sənədsiz əmlakların belə leqallaşdırılması üçün hüquqi zəmin yaradacaq. Məsələnin həlli uzunmüddətli və çoxmərhələli proses hesab olunur. Bunun üçün həm vaxt, həm də siyasi iradə tələb olunur”.