Kənd yerlərində boş qalan evlərin sayı artmaqdadır. Şəhərlərə köç və urbanizasiya prosesi bu tendensiyanı daha da gücləndirir. Lakin bu vəziyyət həmin evlərin gələcək iqtisadi dəyəri ilə bağlı yeni suallar yaradır. Boş qalan kənd evləri gələcəkdə investisiya baxımından daha dəyərli aktivə çevrilə bilər?
1xeber.media xəbər verir ki,mövzu ilə bağlı əmlak eksperti Elnur Azadov Demokrat.az-a bildirib ki, əgər ölkəmizdə daşınmaz əmlaka amnistiya tətbiq olunsa, kənd yerlərində torpaqların təyinatı uyğun şəkildə dəyişdirilsə və həmin kənd evlərinə çıxarış verilsə, bu, ümumi əmlak bazarına ciddi təsir göstərə bilər:
"Belə addım həm mülkiyyət hüquqlarının rəsmiləşdirilməsini sürətləndirər, həm də uzun illər qeyri-rəsmi qalan bir çox ev və torpaq sahəsinin hüquqi dövriyyəyə daxil olmasına şərait yaradar. Nəticədə bazarda təklif artdığı üçün qiymətlərdə müəyyən dəyişikliklərin baş verməsi də istisna deyil.
Eyni zamanda ölkədə kənd evlərinin tikintisi də son illərdə geniş vüsət alıb. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan bərpa və yenidənqurma işləri çərçivəsində yeni yaşayış evləri inşa olunur. Bu proses həm məcburi köçkünlərin geri dönüşü, həm də regionların iqtisadi aktivliyinin artması baxımından əhəmiyyətlidir.
Ümumilikdə, belə görünür ki, daşınmaz əmlak sahəsində həyata keçirilə biləcək bu cür dəyişikliklər yaxın illərdə bazarın strukturuna və qiymət dinamikasına təsir göstərə bilər",- deyə o qeyd edib.
Beləliklə, kənd evlərinin gələcək bazar dəyəri və investisiya cəlbediciliyi təkcə urbanizasiya prosesindən deyil, həm də daşınmaz əmlak sahəsində aparılacaq hüquqi və institusional dəyişikliklərdən asılı olacaq.