Xəbər verdiyimiz kimi, son bir ayda paytaxtda ətin qiymətində artım müşahidə edilir. Belə ki, əvvəlki aylarla müqayisədə mal ətinin qiyməti 1, quzu ətinin qiyməti isə 2 manat artıb. Qəssabların sözlərinə görə, bu, heyvan qıtlığı ilə əlaqədardır. Beləliklə dana əti 15 manatdan 16 manata qalxıb, quzu ətinin qiyməti isə 20-24 manat arasında dəyişir.
İqtisadçı Elçin Qurbanovun sözlərinə görə, il ərzində Azərbaycana ət idxalının həcmi, idxal məhsullarının cəmi ABŞ dolları ifadəsinin heç bir faizini də təşkil etmir.
O deyib ki, 2024-cü ildə ət idxalının dəyər ifadəsi ümumi idxalın 0.62 faizinə bərabər olub:
“2024-cü ildə ortalama hər ay ölkəyə 4800-5000 ton civarında, il ərzində isə 58 688.75 ton ət idxal olunub. Bu da 2023-cü ildə idxal olunan 41 707.69 ton ətin çəkisindən 16981.06 ton daha çoxdur. Yəni idxalda sıçrayışlı artım deməkdir. Şübhəsiz ki, idxal həcmi ölkəmizin ümumi tələbat həcmini ifadə etmir. Bura yerli istehsal və diri heyvanların idxalı da aiddir. Demək olar, son iki ildə hər il ölkəmizə 100 milyon ABŞ dollarından çox diri heyvan idxal olunur. Bu sahə xüsusi dövlət qayğısı ilə əhatə edilir. Cins inəklərin süni mayalanması, doğuşları dövlət tərəfindən subsidiyalaşdırılır. Hər doğulan iri buynuzlu heyvana 100 manat yardım verilir. Bu da fermerə və fərdi təsərrüfat sahibinə stimullaşdırıcı maddi dəstəkdir. Məlum olduğu kimi, bəzi ölkələrdən idxalla əlaqəli aşkar edilmiş epidemiya və xəstəliklərə görə məhdudiyyətlər tətbiq olundu. Bu da idxal dəyərinə qismən mənfi təsir göstərə bilər. Yerli istehsal isə şübhəsiz ki, ən keyfiyyətli ət məhsullarının əsas mənbəyidir”.
İqtisadçı uzun illər öncə bir sıra mətbuat guşələrində bu barədə həyəcan təbili səsləndirdiyini deyib:
“Kənd təsərrüfatı üçün yararlı ərazilərin təyinatı üzrə istifadəsi ilə bağlı nəzarət proqramı barədə ilk təklifi də uzun illər öncə sabiq kənd təsərrüfatı naziri Heydər Əsədova göndərmişdim. Doğrudur, bu sahədə xeyli işlər görülüb, amma sonradan yanlış torpaq islahatları zülalın əsas mənbəyi olan ət istehsalına zərər verdi. İlk növbədə örüş və otlaq sahələrinin pambıq, çəltik, şəkər çuğunduru və digər təbii areala uyğun olmayan məhsulların becərilməsinə ayrılması da səbəblərdən biri oldu. Bəzən kiçik subsidiyalara görə otlaq və örüş sahələri tamamilə ləğv edilərək təyinatı dəyişdirildi. Digər tərəfdən isə suvarma ilə əlaqəli problemlər yem istehsalının inkişafına mane oldu. Bu məsələ ilə əlaqəli su kanallarının tikinti bərpa işlərinə bir neçə ildir ki, ciddi şəkildə start verilib. Kanallarda su itkisinin qarşısının alınması məqsədilə bərpa quruculuq işləri ilə paralel yeni kanallar da çəkilir. Lakin yerli istehsala ən çox mənfi təsir göstərən amillərdən biri otlaq və örüş sahələrinin təyinatından kənar əkin, otel, restoran, istirahət mərkəzləri və başqa biznes sahələrinə aid məqsədlər üçün istifadəyə verilməsidir. Məsələ ondadır ki, biznes məqsədləri üçün yüz hektarlarla ərazilər çəpərlənir, sürülərin otlaq sahələri daralır, otarılması üçün hərəkəti məhdudlaşır və s. Bütün bunlar yem qıtlığına və yemin qiymətinin bahlaşmasına səbəb olan amillərdir. Ona görə də bəzi bölgələrdə fərdi təsərrüfat sahibləri yaranmış problemlər üzündən kütləvi şəkildə heyvandarlıq fəaliyyətinə son qoydular”.
E.Qurbanov ətin qiymətinin artmasının yeni xəbər olmadığını vurğulayıb:
“Belə ki, xırda buynuzlu heyvanların əti 6 aydan çoxdur ki, 20 manata təklif olunur, quzu əti isə saxlandığı bölgədən asılı olaraq 22-24 manata, bəzən daha yüksək qiymətə təklif olunur. Mal ətinin qiymətində isə son 1 ildə iki pilləli artım müşahidə olunub. Kilosu 14 manata təklif olunan mal əti 15 manata, ardından isə 16 manata, sümüksüz mal əti isə 20 manata satılır. Ətə olan təlabat dedikdə həm də quş əti istehsalı nəzərdə tutulur. Əlbəttə, quş ətinin qiymətlərində də əhəmiyyətli dərəcədə artım var. Dövlət kənd təsərrüfatının bütün sahələrində yerli istehsalı stimullaşdırmaq, istehsal və idxal qiymətlərini azaltmaq məqsədilə hər il vergi məcəlləsinə əlavə və dəyişikliklərdə kənd təsərrüfatı məhsullarının istehsalçılarına güzəşt hüququnun tətbiqi müddətini uzadır. Bu il torpaq mülkiyyətçilərinin icarə haqqlarının ƏDV-dən azad edilməsi barədə qanunvericiliyə dəyişiklik də edildi. Bütün bunlar təqdirə layiqdir. Lakin yerli istehsalçılara münasibətdə qiymətlərə dövlət tərəfindən müdaxilə bir qədər ehtiyyatlı olmağı tələb edir. Xüsusilə də iri və xırda buynuzlu heyvandarlıq sahəsinə. Təsərrüfat sahiblərini küsdürmək problemi daha da ağırlaşdıra bilər. Hesab edirəm ki, problemin əsas həlli yararsız torpaq sahələrinin yararlı vəziyyətə gətirilməsi, təyinatı üzrə istifadəsi və subsidiyalaşdırılması ilə bağlı yeni tədbirlər planına ehtiyac var. Bu məsələ təxirəsalınmaz və operativ şəkildə həyata keçirilsə, daha yaxşı olar. Əks halda tələbat və istehsalda yaranan ziddiyyətlər qiymət artımının davam edəcəyini şübhə altına almır”.
Globalinfo.az