Вернуться назад Распечатать

"İnsan Sərrafı" Gülşən Behbud yazır...

Xuraman Muradova  haqqında bir neçə söz yazmaq istəyirəm,amma bir də baxıram ki,o sözlər birləşib yazıya çevrilir.
   Yazıya hardan istəsən başlamaq olur və heç bir çətinlik çəkmədən saatlarla onun haqqında yazmaq, danışmaq olar. Bunun səbəbi əsla ona olan dostluq münasibətim deyil. 
 Bəslədiyim münasibətin səciyyələri onun mənalı, maraqlı, faydalı və hər dəfə  özünəməxsus  davranışında,  insanlarla münasibətində, səmimiyətindədir. 
Xanım haqqında düşünərkən, gözümün qabağına  bitməyən, təsirli   film  gəlir, baş qəhrəman da Xuraman Muradova olur. Milli ruha söykənən, milli düşüncəyə  xidmət  edən, isməti aşılayan, vəfalı insan,  etibarlı  dost,  ana, bacı, nənə... 
         Gözlərim önündə, bütün  uğurlardan və nailiyyətlərdən bir addım irəlidə işıqlı təbəssüm  dolu məsum ifadəsi.. Çətin həyatını, keçib gəldiyi ağrı-acılarını, insan sevgilərini və itkilərini hansısa möcüzəylə özünə sıxıb saxlayan təbəssümü barədə düşünürəm - illərin həyat həqiqətlərindən daha zərif və incə mətləbləri həkk etdiyini, həyat və insan sevgisinin bitib qurtardığı soyuq astanalardan geriyə qaytardığını, bu dünyanın amansız,  qanunları barədə illər uzunu  anlada-anlada, nələrdənsə qoruduğunu anlayıram...
       Bu izaholunmaz sevgi işığının, arxasında keçən çətin ömür yollarından, insan ruhunu yorub korşaldan ictimai hadisələr axarından, sənət və elm girdabının yaşam əzablarından hansı möcüzəylə qorunub bu günə çatdığı barədə düşünürəm. Və böyük insan sevgisindən, tale iztirablarının, ağrı-acıların dinməz məmnunluqla qəbulundan, əqidə və dost cəfakeşliyinin, dözümün qədərindən bəhs edən bu təbəssümün əbədi olduğunu anlayıram.
Qəribədi ki, çətin məqamlarda bizləri rəhm və gözəllikləri ilə  dərin-dərin uçurumlardan qoruyan, yaşadıqları  cəmiyyətlərdə şəfqətli mühitlər yaradan  hadisələr barədə düşünmürük. Bu yerdə yadıma müqəddəs Məhəmməd peyğəmbərin belə bir kəlamı düşür:
 “Bu dünya və onda olanlar qiymətli xəzinədir. Bu xəzinənin ən qiymətli cəvahiri – əməli saleh qadındır” Eynən Xuraman xanım kimi...

Gülşən Behbud

Şair-jurnalist