Bəşər insanı üçün ən ali nemət öz fundamental hüquq və azadlıqlarına sahib çıxmaqdır. Bu gün sözün əsil mənasında Azərbaycan gənci xoşbəxtdir. Ona görə ki, onun vətəni azaddır, müstəqildir, suverendir və o, hüquqi dövlətin sivil vətəndaşıdır. Bu üstünlüyü qorumaq, qalib ruhu saxlamaq onun ən başlıca vəzifəsidir.
Zəfərlər ölkəsinin əzmli gəncləri milli dəyərlərinə sadiq olmalı, hüquq və azadlıqlarını, Konstitusiyasını bilməli, qanunvericiliyə əməl etməlidir.
Harada olmasından, hansı peşəyə yiyələnməsindən asılı olmayaraq, müfəssəl, universal olmalı və Vətənlə birgə yüksəlməlidir.
Buna Azərbaycan reallıqları əsas verir, qürurlu yaşamaq və inkişaf etmək üçün şərait yaradır.
Gənclər hər bir cəmiyyətin aparıcı qüvvəsidir. Atalar sözündə deyildiyi kimi, "Uşaq evin güzgüsüdür". Unutmaq olmaz ki, ölkə səviyyəsində isə bu misal gənclərimizlə bağlıdır.
Azərbaycan xalqının müstəqilliyini bərpa etmək arzusu və mübarizə əzmi elə məhz Azərbaycan gəncliyininin üzərinə böyük məsuliyyət qoymuşdu. Azadlıq hərəkatına qoşulan yüz minlərlə gəncimiz ölkəmizin taleyinə biganə qalmadı, bütün təziqlərə baxmadan müstəqillik arzusunu xalqın iradəsi ilə bütünləşdirərək reallığa çevirdi.
Azərbaycan gəncliyi xalqını müdafiə etmək, vətənini qorumaq üçün mübarizlik göstərdi, 1990-1994-cü illər ərzində minlərlə gənc döyüş əməliyyatlarına cəlb olundu. Bir milyondan artıq qaçqın və məcburi köçkün vəziyyətinə düşən, fundamental hüquq və azdlıqları pozulan minlərlə gəncimiz ağır həyat yaşamağa məcbur qaldı. Azərbaycan gəncliyi ömrünün ən dəyərli illərində canından, qanından keçib şəhidlər verdi, saysız-hesabsız gəncimiz sağlamlığını itirdi. Amma xalqın iradəsi qırılmadı, daha da prinsipial mövqe tutdu və formalaşan yeni nəsil ölkə Prezidenti İlham Əliyevin "dəmir yumruğunun" zərbəsini daha da güclü etdi. Beləliklə, bugünkü gənc nəsil ötən əsrin sonlarında xalqımızın azadlıq və müstəqillik məfkurəsini başladan gənc nəslin arzularını reallığa çevirdi, günahsız yerə axıdılan qanlarının cavabını verdi.
Xalqının taleyini qaranlıqdan aydınlığa çıxaran Ulu Öndər Heydər Əliyevin ölkəmizə istər birinci, istərsə də ikinci rəhbərliyi dövründə, ilk növbədə, Azərbaycan gəncliyinin ən böyük himayəçisi oldu. Ulu Öndər milli kadrların yetişdirilməsi məsələsini ilk dəfə hələ sovetlər birliyində olarkən qaldırdı. O dövrdə də sovet hakimiyyətinin istər elmin müxtəlif sahələrində, istərsə də hərbi sahədə və xüsusi xidmət orqanlarında milli kadrların inkişafına ciddi maneələr yaratmasına baxmayaraq, Ümummilli Liderin uzaqgörənliyi və prinsipiallığı bu prosesin qarşısını ala bildi və onun vaxtilə yetişdirdiyi kadrlar ölkəmizin ən ağır günlərində həyati vacib işləri yerinə yetirdi. Ulu Öndərin məqsədli şəkildə hakimiyyətdən uzaqlaşdırılmasının əsas səbəbi də belə peşəkar yanaşmanı məhv etmək və məkrli siyasəti yürütmək idi.
Ümummilli Liderin təməlini qoyduğu missiyanın reallığa çevrilməsində Azərbaycan gəncliyinin böyük dəstəyi olub. Xalqın ziyalıları, aydın təfəkkürlü insanları ilə yanaşı, ən böyük dəstək də gənclər tərəfindən oldu və yenidən ölkəmizdə gənclər siyasəti ön plana çıxdı.
Ümummilli Lider Heydər Əliyevin gənclərlə bağlı dərin və gələcəyə hesablanmış siyasəti ölkə Prezidenti İlham Əliyevin dövründə ən yüksək formada inkişaf etdirildi. Belə ki, gənclərimizin xaricdə təhsili ilə bağlı ardıcıl imzalanan dövlət proqramları, idman sahəsində aparılan fundamental işlər və ən əsası milli vətənpərvərlik ruhunda tərbiyə alan yeni nəsil tarixi qarşısında, xalqımız və dövlətimiz qarşısında ən böyük missiyanı yerinə yerirdi və Zəfər tarixini yazdı. Suverenliyimiz bərpa olundu, vaxtilə pozulan əsas hüquq və azadlıqlarımız böyük mənada bərpa olunmaqla növbəti hədəflər müəyyən edildi.
Formalaşan gənc nəslin dahada uğurlu inkişafı, eləcə də təhlükəsiz və layiqli həyatını təmin etmək məqsədilə cəmiyyətimizdə hüquqi maarifləndirmə işini artırmalı, beylxalq səviyyədə insan hüquq və azadlıqlarına qarşı rastlaşa biləcəyimiz təhdidlərin qarşısını almalı, insan hüquq və azadlıqlarının təbliğində gənclərimizin rolunu artırmalıyıq. Bunun üçün gənclərimizdən daim bilik və bacarıqlarını artırmaq, dövlətçilik maraqlarını hər zaman əsas məqsəd hesab etmək və atılan hər bir addımda Azərbaycan Bayrağı uğrunda canından və qanından keçmiş insanları unutmamaq tələb olunur. Unutmayaq ki, Vətən müharibəsinin şəhidləri, veteranları və digər iştirakçılarının əksəriyyəti gənclərdən ibarət olmuşdur. Cəmiyyətimizin avanqard qüvvəsi - gələcəyimiz olan gənclərə bir təşəkkür borcumuz var. Gəlin onlara diqqət və qayğımızı əsirgəməyək.
Təbii ki, dövlət başçısının Sərəncamı ilə elan edilən 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli”nin ərsəyə gəlməsində də gənclərimizin yeri və rolu danılmazdır. Gənclər bu məsuliyyəti dərk etməli, keçmişə hörmət, gələcəyə əmanətlə baxmalıdır. Dahi öndər Heydər Əliyevin dediyi kimi, “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”.
Araz Əsgərli
Ombdusmanın mətbuat katibi