Rusiya təyyarə qəzasının başvermə səbəblərindən yayınmaqda davam edir və yenə də bütün günahı AZAL təyyarəsinin pilotlarının üzərinə atmağa çalışır.
1xeber.media xəbər verir ki, “Rosaviasiya” bu gün yaydığı bəyanatda ilkin hesabata reaksiya verib və AZAL-ın təyyarəsinin quş dəstəsi ilə toqquşması və oksigen balonunun partlamasına dair yaydığı yalanın “Embraer” ekipajından gəldiyini” bildirib.
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) “Embraer 190” təyyarəsinin qəzaya uğramasının araşdırılmasına dair Qazaxıstan Respublikasının Nəqliyyat Nazirliyi tərəfindən dərc edilmiş ilkin hesabat ilkin xarakter daşıyır və insidentin səbəbləri ilə bağlı hər hansı nəticəni ehtiva etmir. Komissiyanın işi davam edəcək və baş verənlərlə bağlı nəticələr yekun hesabatda təqdim olunacaq", - açıqlamada qeyd edilib.
Ardınca isə vurğulanıb ki, Mahaçqala və Mineralnıye Vodı aeroportlarının təyyarəni qəbul etməyə hazır olmalarına baxmayaraq, ekipaj bu təkliflərdən yararlanmayıb.
“Rosaviasiya” AZAL-ın təyyarə qəzası ilə bağlı hesabatın ilkin xarakter daşıdığını və onun səbəbləri ilə bağlı heç bir nəticənin hələ olmadığını vurğulayıb.
Rusiya mediasının "Rosaviasiya"dan aldığı bəyanatla bağlı yenilədiyi xəbərdə qurumun təyyarənin xarici təsirlər nəticəsində zədələndiyini etiraf etdiyi üzə çıxır. Buna baxmayaraq, bu etirafın özündə də məsuliyyətdən qaçmaq cəhdləri görünür.
"AZAL-a məxsus təyyarə xarici təsir nəticəsində zədələnib. Lakin hesabatda Qazaxıstan tərəfinin təyyarədə olan yad obyektləri müəyyən etdiyi əks olunmur, halbuki Rusiyanın indiyədək belə bir imkanı olmayıb, çünki bu elementlər ekspertiza üçün ona verilməyib", - açıqlamada bildirilib.
Qeyd edək ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi 2024-cü il dekabrın 25-də Qroznıda Rusiya HHM sistemi (Pantsir-S) vasitəsilə vurulub. Enişinə icazə verilmədiyindən Qazaxıstana üz tutan təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabat ötən gün yayılıb. Hesabatda təyyarənin Qroznı səmasında kənar müdaxilə nəticəsində ciddi zədə aldığını və bunun nəticəsində qəzaya uğradığını təsdiqlənib.