Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin Maliyyə Nazirliyinə gətirilməsi dövlətin “kəmərsıxma” tədbirlərinin davamı kimi görünür. Bildirilir ki, S.Babayev sözügedən nazirlikdə həyata keçirəcəyi islahatlarla artıq pul axınlarının qarşısını alacaq.
Dövlətin qənaət rejiminə keçməsinin sadə xalqa mənfi təsir edəcəyini düşünənlər də var. Belə ki, “kəmərsıxma” tədbirləri hər dəfə vətəndaşın dolanışığını bir qədər də çətinləşdirir.
Son təyinatlar, nazirlərin yerdəyişməsi, xüsusilə də Maliyyə Nazirliyinə Sahil Babayev kimi “xəsis” birinin gətirilməsi daha çox kimlərin dolanışığını təhdid edir – yüksək rütbəli məmur heyətinin, yoxsa, sadə camaatın?
Globalinfo.az-ın suallarını cavablandıran siyasi şərhçi Heydər Oğuz Azərbaycan hakimiyyətinin qənaət rejiminə keçdiyi ilə bağlı hər hansı məlumata malik olmadığını bildirdi.
Heydər Oğuz
Onun sözlərinə görə, ölkədə və dünya miqyasında yaşanan iqtisadi çətinliklər qənaət rejiminə keçməyi şərtləndirə bilər:
“Çünki dünya enerji bazarında neftin qiymətləri getdikcə azalır. Hazırda London birjasında bir barel Brent markalı neft 76.9 dollara təklif olunur. Teksas birjasında isə 1 barel xam neft 76 dollaradır. Azərbaycanın 2025-ci il büdcəsində bir barel neftin qiyməti ortalama 70 dollardan nəzərdə tutulub. Başqa sözlə desək, dünya enerji bazarında qiymətlər büdcəmizdə nəzərdə tutulan həddə yaxınlaşır. ABŞ prezidenti Donald Tramp isə öz növbəsində neftin qiymətlərini 45 dollara qədər endirilməsi istiqamətində iş aparacağını gizlətməyib. Mümkündür ki, bu istiqamətdə aparılacaq siyasətlər qiymətlərin gözləntilərimizin altına düşməsini tətikləsin. Nəticədə Azərbaycanın məcburən qənaət rejiminə keçməsi qaçılmaz ola bilər”.
Heydər Oğuzun fikrincə, Azərbaycanın qənaət rejiminə keçməsi və bəzi “kəmərsıxma” siyasətlərinə üstünlük verməsi ölkə insanlarının yaşayış normalarına da təsir edə bilər:
“Sözsüz ki, bu zaman məmurlardan çox, sadə vətəndaşlar əziyyət çəkəcək. Üstəlik, Rusiya və digər yerlərdən ölkəmizə təzyiqlər, xüsusilə də iş miqrantlarının vətənimizə geri qayıtması vəziyyəti bir az da çətinləşdirəcək. Bununla belə, Azərbaycan hakimiyyətinin yürüdəcəyi məqsədyönlü siyasətlər nəticəsində bu böhrandan tezliklə xilas ola bilərik. Ölkə iqtisadiyyatında aparılacaq islahatlar, geniş məmur sinfinin azaldılması, korrupsiyanın qarşısının alınması və nəticədə maliyyə imkanlarının iqtisadi inkişafa yönəldilməsi, iş adamlarına az faizli kreditlərin verilməsi, onların yeni iş yerləri qurmağa təşviq olunması, bahalı beynəlxalq tədbirlərdən imtina edilməsi, qeyri-neft sektorunda, xüsusilə kənd təsərrüfatı sahəsində yeni bazarların axtarışı və s. kimi addımlar effektiv “kəmərsıxma” tədbirləri rolu oynaya bilər. Açığı, ümid edirəm ki, Azərbaycanın yeni iqtisadi tələblərə cavab vermək imkanları mövcuddur. Düzgün siyasət yürüdülərsə, gözlənilən böhranın öhdəsindən gələ bilərik. Amma Azərbaycan hakimiyyəti bu islahatlara gedərmi, məncə, qarşımızda dayanan ən böyük sual bundan ibarətdir”.