Dövlətin ayaqda qalmasında, büdcənin formalaşdırılmasında vergilərin müstəsna əhəmiyyəti var. Bu səbəbdən də ölkə vətəndaşları hamılıqla vergilərin ödənməsində yaxından iştirak etməli, qanunun bütün tələblərini yerinə yetirməlidir. Amma bir çox hallarda "vergilər" sözünü eşitdikdə sahibkarların, iş adamlarının halı dəyişir. Buna səbəb nədir? Nədən vətəndaşlar vergi əməkdaşlarından qorxur, çəkinirlər?
Məsələnin məğzinə keçməzdən əvvəl onu da qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən bir sıra dövlət qurumlarının əməkdaşları üçün xüsusi uniforma tərtib edilib. Onlardan biri də vergi orqanlarının əməkdaşlarıdır. Lakin nədənsə bu şəxsləri heç də hər zaman formada görmək olmur.
Sahibkarlar bildirirlər ki, bəzən mülki geyimdə gələn şəxslər mağazada alver edir və yaxud kafedə nahar edir, pulunu ödəyəndə isə qanunsuzluq görərsə, qəfil xidməti vəsiqəsini çıxarıb "vergilərdən gəlmişəm!" deyir. Nəticə etibarı ilə yerində cərimələnən sahibkarlar iddia edir ki, dövlət onlar üçün bir geyim forması nəzərdə tutub və onlar da vəzifələrini həmin uniformada icra etməlidirlər.
Maraqlıdır, sahibkarlar bu iradda nə qədər haqlıdırlar? Vergi orqanlarında çalışan şəxslər mülki geyimdə vəzifələrini icra edə bilərmi? Onların formasız araşdırma aparıb, cərimə yazmağa səlahiyyətləri varmı?
Məsələyə aydınlıq gətirmək üçün iqtisadçı ekspert Razi Abasbəylinin fikirlərini öyrəndik.
1xeber.media publika.az-a istinadən xəbər verir ki açıqlama verən ekspert bildirdi ki, vergi müfəttişləri uniformada olmadan da araşdırma apara, yoxlama həyata keçirə və kameral monitorinq təşkil edə bilər:
“Bu, qanunla qadağan edilməyib. Lakin bu zaman vergi müfəttişləri ilk növbədə xidməti vəsiqələrini təqdim etməlidirlər. Yoxlama haqqında əmr tərtib olunmalıdır. Yəni yoxlama eksprom, təsadüfi təyin oluna bilməz. Yoxlamanın həyata keçirilməsi üçün baş idarə müvafiq protokol tərtib edir və bundan sonra əmr verilir. Müəyyən edilmiş obyektdə vergi müfəttişləri araşdırmalar apara, reydlər həyata keçirə bilərlər. Lakin burda da bir sıra müstəsna var”.
R.Abasbəylinin sözlərinə görə, yoxlamalar aparılan zaman sahibkarların əsas hüquqlarından biri şahidinin olmasıdır:
“Yəni bu zaman ilk növbədə şahidlər dəvət olunmalıdır. Aktın tərtib olunması zamanı bitərəf şahidlər və yaxud da tərəflərin dəvət etdiyi şahidlər də vergi müfəttişinin tərtib etdiyi aktı təsdiqləməlidirlər.
Digər normativ tələb ondan ibarətdir ki, sahibkarlar vergi yoxlamaları zamanı video və foto çəkilişlərinin də aparılmasını tələb edə bilərlər. Bu da vergi yoxlamaları haqqında müvafiq qanunda öz əksini tapıb. Yəni yoxlamaya məruz qalmış hər hansı bir fiziki və yaxud da hüquqi şəxs istənilən halda foto və video çəkilişlərin həyata keçirilməsini tələb edə bilər. Əgər vergi müfəttişi xidməti vəsiqəsini təqdim etmirsə, yoxlama haqqında tərtib edilmiş əmri və müvafiq olaraq göndərişləri qarşı tərəfə təqdim etmirsə, bu zaman sahibkar yoxlamanın keçirilməsindən imtina edə, bununla bağlı şərait yaratmaya və müvafiq olaraq digər hüquq-mühafizə orqanlarına, digər qurumlara öz şikayətini bildirə bilər.
Yəni “vergi müfəttişi yalnız uniformada yoxlama aparmalıdır” deyə bir qanun, tələb yoxdur. Amma mülki geyimdə aparılan yoxlamalar zamanı qeyd etdiyimiz hüquqi normativlər də mütləq təmin edilməlidir”.