Ötən il Azərbaycana xaricdən 2 min 576 ton pambıq toxumu idxal edilib.
1xeber.media bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu miqdarda məhsulun idxal dəyəri 7,6 milyon ABŞ dolları təşkil edib. Pambıq toxumu idxalı əvvəlki illə müqayisədə miqdar ifadəsi ilə 242 ton və ya 8,6%, dəyər ifadəsi ilə 700 min ABŞ dolları, yaxud 8,4% azalıb. Belə ki, 2023-cü ildə Azərbaycana 2 min 818 ton miqdarında, 8,3 milyon ABŞ dolları dəyərində pambıq toxumu idxal edilib.
Ötən il idxal olunan pambıq toxumu, əsasən, Türkiyədən gətirilib. Bu ölkədən idxal olunan 2 min 575 ton pambıq toxumunun idxal dəyəri 7,6 milyon ABŞ dolları olub. Bununla yanaşı, Özbəkistandan (100 kiloqram, 300 dollar) və İsraildən (350 kiloqram, 5,6 min dollar) pambıq toxumu idxal edilib.
Bəhs olunan dövrdə Azərbaycanın pambıq toxumu ixracının miqdarı 68 ton, dəyəri isə 12,1 min ABŞ dolları təşkil edib. Bu miqdarda məhsul Türkiyəyə ixrac edilib.