Ötən il Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 180 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib.
1xeber.media Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlar əsasında apardığı hesablamalara görə, ötən il 122 ölkəyə məhsul ixrac olunub, 170 ölkədən məhsul idxal edilib. Məhsul ixrac olunan ölkələr son on ildə 11 vahid, idxal edilən ölkələr isə 23 vahid artıb. Belə ki, 2015-ci ilin məlumatlarına əsasən Azərbaycandan 111 ölkəyə məhsul ixrac olunub, 147 ölkədən idxal edilib.
Bununla yanaşı, ötən il ölkənin xarici ticarət dövriyyəsi 47,4 milyard ABŞ dolları təşkil edib ki, bu da, son 10 ildə 21,6 milyard ABŞ dolları, yaxud da 83,7% artım deməkdir.
Ticarət dövriyyəsinin 26,3 milyard dollarını ixrac edilən məhsulların, 21 milyard dollarını isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə 5,3 milyard dollar məbləğində müsbət saldo yaranıb. 10 il əvvəlki göstəricilərlə müqayisədə ixrac edilən məhsulların dəyəri 10,7 milyard dollar (58,4%), idxal məhsullarının dəyəri 11,8 milyard dollar (2,3 dəfə) artıb, müsbət saldo isə 2 milyard dollar (27,4%) azalıb.
Qeyd edək ki, 2015-ci ildə xarici ticarət dövriyyəsinin həcmi 25,8 milyard dollar, o cümlədən ixracın həcmi 16,6 milyard dollar, idxalın həcmi 9,2 milyard dollar təşkil edib, nəticədə 7,3 milyard dollarlıq müsbət xarici ticarət saldosu yaranıb.