Azərbaycanda doğum səviyyəsi son illərdə kəskin azalıb. Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrinin məlumatına görə, 2024-cü ildə ölkədə cəmi 102 min 310 doğulan körpə qeydə alınıb. Halbuki, 2019-cu ildə bu göstərici 141 min 179 nəfər olub. Yəni, son 5 il ərzində doğum sayı 38 min 869 nəfər azalıb.
Statistikaya nəzər saldıqd azalma tendensiyasının ardıcıl davam etdiyini görmək mümkündür. 2020-ci ildə 126 min 571, 2021-ci ildə 112 min 284, 2022-ci ildə 122 min 846, 2023-cü ildə isə 112 min 620 körpə dünyaya gəlib.
Mütəxəssislər hesab edirlər ki, bu azalma Azərbaycanda demoqrafik problemlərin yaranmasına səbəb ola bilər. Ekspertlərin fikrincə, doğum səviyyəsinin azalmasının bir neçə əsas səbəbi var. İlk növbədə, ailə planlaşdırması və sosial-iqtisadi çətinliklər gənc ailələrin az uşaq dünyaya gətirməsinə təsir edir. Bundan əlavə, şəhərləşmə və karyera hədəfləri də ailə qurmaq və uşaq sahibi olmaq qərarlarına təsir edən mühüm amillərdən biridir.
Bakı Dövlət Univertsitetinin Sosial elmlər və psixologiya fakültəsinin Sosial iş kafedrasının müdiri Üzeyir Şəfiyev açıqlamasında bildirib ki, təbii artımdakı ləngimənin səbəbi cəmiyyətdə, insanların düşüncəsində tranformasiya baş verməsidir.
"Sovet dövrünə qədərki və sovet dövrü cəmiyyəti ilə bugünkü Azərbaycan cəmiyyətində çoxlu fərqlər var. Həmin dövrlərdə çoxuşaqlı ailələr trend idi. SSRİ dövründə demoqrafik təşviq siyasəti də həyata keçirilirdi. Hətta Qəhrəman ana adı yaradılmışdı. Ancaq Azərbaycan müstəqillik əldə etdikdən, insanlar xaricə getməyə başladıqdan sonra cəmiyyətdə düşüncə dəyişdi. Belə bir düşüncə formalaşdı ki, çox uşaq yerinə keyfiyyətli böyüdülən az uşaq olması daha yaxşıdır. Ona görə də çoxuşaqlı ailə trendi yavaş-yavaş arxa plana keçməyə başladı".
Sosioloq qeyd edib ki, əhalinin təhsil səviyyəsi artdıqca çoxuşaqlı ailələrin sayı azalır:
“İnsanlar artıq 1,2 ən yaxşı halda 3 uşağa üsünlük verirlər. Bu yaxınlarda parlamentdə çoxuşaqlı ailədə uşaq sayının 5-dən 3-ə endirilməsi bağlı yanaşma düzgündür. Belə olsa, güma edirəm ki, Azərbaycanda 3 uşaqlı ailələrin sayı arta bilər. Bu zaman təbii artımda da artım müşahidə edilə bilər. Son 22 ilin statistikasını təhlil edəndə görürük ki, təbii artımda ləngimə müşahidə olunur. Əhalinin artımı təqribən 26.44% artıb amma ahılların sayı 99.4% artıb. 2023-cü ildə əhalinin təbii artımı əvvəlki ilə nisbətən 15% aşağı düşüb. Bu əhalinin ailə planlaşmasında olan dəyişiklərlə bağlıdır. İnsanlar indi daha çox eqoist, bəncil həyat yaşayırlar. Onlar uşaq məsuliyyəti götürmək yeni özlərinin eqoist həyatını sürdürmək istəyirlər”.
Müsahibimiz sonda qeyd edib ki, Cənubi Qafqaz ölkələri arasında Azərbaycan təbii artım baxımından irəlidədir.
"Ancaq tədbirlər görülməsə, orta perspektivdə təbii artımda daha da ləngimə ola bilər. Təbii artımın aşağı düşməsi eyni zamanda orta perspektivdə əmək bazarına və səfərbərliyə də təsir edə bilər. Təbii artım aşağı düşərsə, mexaniki artımla əhali sayı arta bilər. Bu da yaxşı nəticə verməz, çünki Avropa mexaniki artım hesabına miqrant ekspansiyası ilə qarşılaşıb. Əgər demoqrafik siyasət dəstəklənməsə bənzər vəziyyət Azərbaycanda da ola bilər. Güman edirəm ki, bu tədbirlər görülərsə, doğum sayında artım olar, Azərbaycan əhalisinin qocalması probleminin qarşısının alınması alınar. Bildiyiniz kimi, yeni doğulanlar azaldıqca, qocaların sayı artır. Bu da əhalinin qocalmasına gətirib çıxarır. Məsələn ahılların sayı əhali içərisində 8%-dən yuxarıdırsa, bu qocalma sindromu ola bilər. Güman edirəm ki, Azərbaycanda bu sahədə tədbirlər sayəsində doğum sayı artacaq və əhalinin qocalmasının qarşısı alınacaq”.
modern.az