Macarıstan Terrorla Mübarizə Mərkəzi Rusiyanın xarici qurumlarına, o cümlədən səfirliklərə Ukraynadan təhdidlərin təhlilini aparır və obyektlərin təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görür.
1xeber.media xəbər verir ki, bu barədə ölkənin hüquq-mühafizə orqanı məlumat yayıb.
“Mövcud qanunvericiliyə əsasən, Macarıstan Terrorla Mübarizə Mərkəzi Macarıstanda terror təhdidləri ilə bağlı vəziyyəti daim təhlil edir, ekspertlər potensial təhlükə mənbələrini qiymətləndirir və təhlükəsizliyin təmin edilməsi üçün lazımi tədbirlər görür”, - antiterror xidməti qeyd edib.
Bundan əvvəl Rusiya Xarici Kəşfiyyat Xidmətinin mətbuat bürosu Ukraynanın Rusiyanın Avropadakı səfirliklərinə qarşı silsilə terror aktları təşkil etməklə münaqişənin həlli üzrə danışıqları pozmağa cəhd edə biləcəyi barədə məlumat yayıb. Xüsusən departament Almaniya, Baltikyanı ölkələr və Skandinaviyada terror təhlükəsinin mövcud olduğunu bildirib.