1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycan xalqının XX əsrdə üzləşdiyi ən dəhşətli faciə kimi yaddaşlara həkk olan və Azərbaycan tarixinin dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımı aktı baş vermişdir.
Separatçı ermənilər havadarlarının köməyi və dəstəyi ilə Xankəndi şəhərində yerləşmiş Sovet hərbi bazasının texnikasından istifadə edərək həmin gecə azərbaycanlılar yaşayan Xocalı şəhərini yerlə yeksan edərək insanlığa sığmayan vəhşilik törətdilər. Qocalara, uşaqlara, qadınlara və əliyalın insanlara məhəl qoymadan qarşılarına çıxan hər kəsi azərbaycanlı olduğuna görə məhv etdilər. Bu əsl soyqırım aktıdır və BMT Baş Assambleyasının 9 dekabr 1948-ci il tarixli 260 A(III) saylı qətnaməsinin tələblərinə tam uyğundur. Bu soyqırım nəticəsində rəsmi məlumata görə Xocalı şəhərinin 613 nəfər sakini öldürülüb ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qoca idi. Həmin gecə 487 insan şikəst olub, 1275 nəfər əsir götürülüb, 150 nəfərin isə taleyindən hələ də xəbər yoxdur. 56 nəfər ermənilərə xas olan xüsusi amansızlıq və qəddarlıqla - diri- diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarnını süngü ilə yararaq öldürüblər. Bir çox ailələr tamam məhv olmuş, xeyli sayda uşaqlar bir və ya hər iki valideynini itirmişdir. Onu da qeyd etmək lazımdır ki, bu dəhşətli hadisənin törədilməsində əli olan ermənilər yazdıqları kitablarda bütün bu və digər faktları açıq-aydın göstərməklə soyqırım törətdiklərini etiraf edir və bununla fəxr etdiklərini bildirirlər.
Xocalı soyqırımının baş verməsindən bir neçə gün sonra dünyanın tanınmış mətbu orqanları – Krua ıEveneman jurnalı(Paris), “Sandi Tayms” (London), “İzvestiya”(Moskva) və digər xarici qəzet və jurnallar erməni vəhşiliklərini açıq şəkildə göstərərək bunların azərbaycanlıların təbliğatı deyil, reallıq
olduğunu qeyd etmişlər. Azərbaycan dövləti və xalqımız Xocalıda törədilən bu vəhşiliyi heç vaxt unutmur və onu bütün dünyaya tanıtmaq üçün daim geniş miqyaslı tədbirlər həyata keçirir. İlk öncə onu qeyd etmək lazımdır ki, “Bu soyqırımı eyni zamanda bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir” – deyən Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etmiş və Prezidentin 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə hər il fevral ayının 26-sı saat 17:00- da ölkəmizin ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilir.
Xocalı soyqırımının bütün dünyada tanıdılması üçün 2008-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü və müəllifliyi ilə “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasına başlanmışdır. Bu kampaniya və həyata keçirilən digər tədbirlər
nəticəsində 17-dən çox ölkənin qanunverici orqanları, habelə ABŞ-nin 20-dən çox ştatı tərəfindən müvafiq parlament qətnamələri qəbul edilmişdir. Eyni zamanda 20 noyabr 2012-ci il tarixində Cibutidə keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının(İƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu sessiyasında
Xocalıda törədilmiş cinayətləri soyqırım kimi tanıyan qətnamə qəbul edilmişdir. Hazırda bu istqamətdə tədbirlər davam etdirilir.
Ermənilərin bu vəhşiliklərinə baxmayaraq Azərbaycan xalqı respublikamızın ərazi bütövlüyünün və suverenliyinin bərpası üçün Ali Baş Komandan, Prezidenti İlham Əliyev cənablarının ətrafında sıx birləşərək 2020-ci ilin sentyabr-noyabr aylarında 44 günlük müharibədə və 2023-cü ilin
noyabr ayında bir günlük antiterror əməliyyatında öz istəyinə nail oldu. Hazırda işğaldan azad olunmuş ərazilərdə geniş quruculuq işləri aparılır və bu bölgəyə Böyük qayıdış başlayıb. Xocalı şəhəri də yenidən qurulur və artıq onlarla ailə Azərbaycanımızın ən gözəl guşəsi olan bu şəhərdə
məskunlaşmışdır və proses davam edir.
Belə ki, Qarabağa növbəti səfəri çərçivəsində Ağdamda, Xankəndidə, Xocalı rayonunun Ballıca kəndində olan, bir sıra obyektlərin açılışında iştirak edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vurğuladığı kimi, mindən artıq tələbənin təhsil aldığı Qarabağ Universiteti artıq fəaliyyət göstərir. Ali məktəbdə yeni korpuslar inşa olunacaq. Şəhərdəki tikiş
fabrikində 200-dən artıq qadın çalışır. Dövlət başçımızın Ballıca sakinləri ilə görüşü də tarixi məqamlarla yadda qaldı. 2023-
cü ilin sentyabrında işğaldan azad edilən Ballıca artıq xoşbəxt günlərini yaşayır. Kənddə həyat qaynayır. Keçmiş köçkünlərlə görüşən, onlar üçün yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyevin vurğuladığı kimi, Böyük Qayıdış Proqramının icrası ilə belə büsatlı
kəndlərimizin sayı daha çox olacaq «Ballıca kəndinin də bərpası artıq son mərhələdədir. Mənə verilən məlumata görə, 137 ev artıq bərpa edilib və 60-a yaxın ev hələ bərpa olunacaq. Ballıcada artıq 460 keçmiş köçkün yerləşib. Evləri bərpa etmişik, kənd təsərrüfatı ilə məşğul olmaq üçün imkanlar yaxşıdır, torpaq münbitdir, hava da təmizdir. Bütün Qarabağ bölgəsi, Şərqi Zəngəzur bölgəsi dirçəlir və hər gün biz bunu əyani şəkildə görürük.»
Qeyd olundu ki, Birinci Qarabağ müharibəsindən ən çox əziyyət çəkən xocalılılar olmuşdur. Xocalı ilə birgə Xankəndi, Ağdərə, Xocavənd və Əsgəran rayonları da işğalçılardan tam azad edildi. Yüzlərlə kənd artıq öz sahiblərini gözləyir. Artıq doğmalarını qəbul edən Ballıca bərpa olunan və keçmiş köçkünlərin qayıtdığı 10- cu yaşayış məntəqəsidir. Böyük Qayıdış Proqramının birinci mərhələsinə aiddir. Artıq burada 500-ə yaxın insan yaşayır. Hazırda təkcə əvvəllər bu kənddə yaşayanlar deyil onların övladları, nəvələri, nəticələri də Ballıcada məskunlaşırlar. Əvvəllər ata-baba yurdlarının əsrarəngiz gözəlliklərini valideynlərindən eşidən gənclər doğma torpağa həvəslə qayıdırlar, işləyirlər, özləri üçün gün-güzəran qururlar. «Öz torpaqlarına qayıdan keçmiş köçkünlərlə çoxsaylı görüşlər əsnasında həmişə gənclərdən soruşuram ki, siz darıxmırsınız burada? Deyirlər, yox, darıxmırıq. Çünki doğma Vətən, doğma torpaq bizi çəkir və bu, bir daha xalqımızın nə qədər yüksək mənəvi
keyfiyyətlərə malik olduğunu göstərir» sözləri ilə insanların yüksək əhval-ruhiyyədə olduğunu bildirən Prezident İlham Əliyev qeyd etdiyi kimi, Böyük Qayıdış Proqramının reallaşması ilə yüzlərlə ailə doğma yurdlarına qovuşacaq, təhlükəsiz və xoşbəxt həyat sürəcəklər.
Müslüm Rzayev,
Sabirabad RİHB aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili
şöbəsinin müdiri, Vətən Müharibəsi veteranı