Düşənbədə Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib və bununla bağlı mətbuat konfransı təşkil olunub.
Azərbaycanın Tacikistandakı səfirliyindən verilən məlumata görə, səfirliyin təşkilatçılığı ilə baş tutmuş tədbirdə çıxış edən səfir Əlimirzamin Əskərov XIX-XX əsrlərdə mərhələli şəkildə azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirildiyini vurğulayıb.
Diplomat bu siyasətin tərkib hissəsi olan Xocalı soyqırımının Ermənistanın Azərbaycana qarşı işğalçı müharibəsi çərçivəsində dinc azərbaycanlılara qarşı törədilmiş cinayətlərin ən dəhşətlisi olduğunu bildirib.
Səfir əlavə edib ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü əsasında 1994-cü ildə Milli Məclisin qərarı ilə fevralın 26-sı Xocalı Soyqırımı Günü elan edilib. Xocalı haqqında həqiqətlərin dünyaya çatdırılması, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınması üçün bütün zəruri addımlar atılıb.
Diplomat Xocalı soyqırımı zamanı mülki insanların xüsusi amansızlıqla qǝtlǝ yetirilmǝsinin beynǝlxalq hüquqi mǝsuliyyǝt doğurduğunu söyləyib. Diqqətə çatdırılıb ki, soyqırımının tǝşkilatçılarından biri olan Ermǝnistanın keçmiş prezidenti Serj Sarkisyanın “Xocalıda ermǝnilǝrin dinc azǝrbaycanlılara ǝl qaldırmayacağı streotipini qırması” vǝ bununla bağlı “heç bir peşmanlığın duyulmaması” bǝyanatları Xocalı soyqırımının mǝqsǝdyönlü şǝkildǝ törǝdildiyini vǝ soyqırımı ilǝ bağlı Ermənistanın üzərinə beynǝlxalq hüquqi mǝsuliyyǝtin düşdüyünü sübuta yetirib.
Türkiyə Respublikasının Tacikistandakı səfiri Umut Açar çıxış edərək faciə ilə bağlı başsağlığını çatdırıb və Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu söyləyib.
Mətbuat konfransı zamanı isə jurnalistlər Xocalı faciəsi ilə yanaşı, Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası ilə bağlı son işlər və Tacikistan-Azərbaycan əlaqələrinə dair suallar səsləndiriblər.
Səfir verilən suallar ətrafında geniş məlumat verib. Bununla yanaşı, diplomat Azərbaycan torpaqlarının işğaldan azad edilməi nəticəsində həmin ərazilərdə bərpa-quruculuq işlərinin aparıldığını, Xocalı sakinlərinin, eləcə də digər rayonların sakinlərinin öz evlərinə geri dönməsi prosesinin başlandığını diqqətə çatdırıb. Həmçinin, azərbaycanlıların Qərbi Azərbaycana qayıdış məsələsi, ölkənin üzləşdiyi mina problemi və onun yaratdığı fəsadlar barədə jurnalistləri məlumatlandırıb.
Tədbir çərçivəsində, azərbaycanlıların Ermənistandan deportasiyası ilə bağlı həmin ölkənin keçmiş prezidenti Levon Ter Petrosyan tərəfindən səsləndirilmiş fikirlər və Xocalı faciəsi barədə videoçarxlar nümayiş etdirilib. Həmçinin səfirlikdə Xocalı soyqırımına həsr olunmuş guşə yaradılıb və həmin guşədə faciə haqqında məlumatlar, hadisənin dəhşətli anlarını əks etdirən fotoşəkillər nümayiş olunub.