Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin ötən gün Türkiyəyə səfəri diqqət çəkib. O, Ankarada Türkiyə Prezidentinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç, xarici işlər naziri Haan Fidan və Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altunla görüşüb.
Hikmət Hacıyevin bundan öncə İran və İsrailə ard-arda səfərlərindən sonra Türkiyəyə getməsi maraq doğurub. O, Tehranda Prezident Məsud Pezeşkian və bir sıra İran rəsmiləri, Təl-Əvivdə isə Baş nazir Benyamin Netanyahu ilə görüşüb.
Hacıyevin son üç mühüm səfəri necə dəyərləndirilməlidir? Bu, hansı vacib prosesdən xəbər verir?
Politoloq Elxan Şahinoğlu deyib ki, Hikmət Hacıyevin ardıcıl səfərləri təsadüfi deyil:
“Aydın məsələdir ki, o, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarını icra edir. Səfərlər də məhz bu məqsədlə baş tutur. Onun qısa zamanda İran, İsrail və Türkiyəyə getməsi diqqət çəkir.
Hər üç ölkənin Azərbaycanla əlaqələri var. Rəsmi Bakının da bu ölkələrlə ortaq maraqları mövcuddur. İranla münasibətlərdə müəyyən suallar, gərginliklər olmasına baxmayaraq, münasibətlərin inkişafında maraqlıyıq. Tehranla ortaq layihələr reallaşdırırıq.
İsrail və Türkiyə Azərbaycanın strateji tərəfdaşıdır. Ankara və Təl-Əvivlə birdən çox sahədə əməkdaşlıq edirik. Bu ölkələrlə münasibətlərin inkişafı və balansın qorunması Bakının xarici siyasətində mühüm yer tutur”.
Politoloq bildirib ki, Türkiyə ilə səfərə ayrılıqda baxdıqda Hacıyevin birdən çox görüşdə iştirak etməsi diqqət çəkir:
“Xüsusilə Hakan Fidanla görüş maraqlıdır. Bakı və Ankaranın məsləhətləşməli olduğu məqamlar var. Mümkündür ki, görüşlərdən sonra ölkə başçısına da müvafiq məlumatlar veriləcək.
Türkiyənin regionda yeri, əhəmiyyəti artır. Əsasən də son zamanlar Ankaranın Ukrayna məsələsində aktivliyi müşahidə olunur. H.Hacıyevin məhz bu proseslər fonunda Türkiyəyə səfəri Ankara və Bakının xarici siyasətdə ortaq hərəkət etdiyini göstərir”.
globalinfo.az