Səhiyyə Nazirliyində İsveçrənin aparıcı əczaçılıq şirkəti olan “Novartis Pharma Services AG”nin Mərkəzi Avropa Regionunun (ECC) inkişaf etməkdə olan ölkələr üzrə prezidenti vəzifəsini müvəqqəti icra edən Almaz Miftaxovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Nazirliyin mətbuat xidmətindən 1xeber.media bildirilib ki, nazir Teymur Musayev görüşdə ölkələrimiz arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq üçün imkanların olduğunu qeyd edib. Əczaçılıq sənayesinin müasir səhiyyənin ən mühüm istiqamətlərindən biri olduğunu vurğulayan T.Musayev bu sahədə də əlaqələrin inkişafı üçün potensialın mövcudluğunu diqqətə çatdırıb.
Səhiyyə naziri gələcəkdə əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə əminliyini bildirib.
Öz növbəsində Almaz Miftaxov şirkətin Azərbaycanın Səhiyyə Nazirliyi ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu vurğulayıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.