(“Pulsuz sülh olmaz” – Uinston Çörçill)
Kapitalizmin mahiyyətini orta məktəbdə bizə ya doğru tədris etməyiblər, ya da çox yalanlarla başımızı aldadıblar. Əsas da kapitalistin pula münasibətindən çox danışırdılar. Marksizm nəzəriyyəsinə görə, kapitalistlər fəhlə sinfini(proletariatı) istismar edərək kapital qazanırlar və sairə. Sonralar öyrəndik ki, digər elmi nəzəriyyələr kapitalizmə başqa izah verir, məsələn, azad sahibkarlıq, açıq rəqabət sistemi kimi və sairə. Sovet təbliğatı beyinlərə elə işləmişdi ki, o vaxtkı pullulara “milyonçu filankəs” deyirdilər, hətta “tuz adam” da adlandırırdılar, amma kapitalist demirdilər. Düzü, heç kim bilmirdi ki, o adamların əslində milyonu var ya yox, çünki kapitalist pulunu göstərər, sovet adamı isə əksinə gizlədərdi.
Birbaşa mətləbə keçək. Ukrayna müharibəsinin sonluğu Amerikanın çox ustalıqla maskalamağa çalışdığı kapitalist dünyasının əsl sifətini bir daha açdı. Tramp əsl kapitalistdir, bəlkə də kapitalist dünyasının ümumiləşdirilmiş obrazına heykəl qoyulmalı olsa, indiki ABŞ prezidenti ən ideal variantdır. Dünyanın ən varlı adamı olan İlon Maska da onun yanında yer tapmaq olardı- baxın, adam puluna güvənərək nələr edir, hansı hoqqalar çıxarır. Biz Amerikanın çox üzünü görmüşük, bu da yeni deyil, amma bu dəfə oyun qaydaları “demokratiya, ədalət, suverenlik, ərazi bütövlüyü” kimi sözlərlə bəzədilməyib, olduğu kimidir. Amansız və sərt: Torpağını ver, borcunu qaytar! Torpağını ver, pulunu al!
Zelenskini Ağ Evə çağırıblar- Ukrayna torpaqlarının altındakı sərvətləri Amerikaya vermək üçün. Torpağın altından çox sərvətlər çıxır, bizim də neftimizi çıxaran və satanlardan biri də Amerika şirkətidir, burada qeyri-adi heç nə yoxdur. Ukraynada isə ölkənin ələ keçirilmiş əraziləri, qaçqın düşmüş bir neçə milyon əhali, cəbhədə minlərlə insanın həlak olması “unudulmuş kimidir”. Zelenski kürsüdə qalmaq, Tramp pul davası, qiymətli metallar davası aparır. Bəzi Avropa liderləri özlərini bu savaşın sonluğunda yaxşı aparır, Amerikadan fərqli olaraq simasını qorumağa çalışır, bəlkə də maskalarının bir az da gec düşməsini istəyirlər. Çünki onlar da Ukraynaya pulu havayı verməyiblər. Trampın dediyinə görə, dolları rahat xərcləyiblər, amma Avropanın vəsaitləri kreditlər və ya Rusiyanın dondurulmuş aktivləri hesabına olub. Amerika belə kələyi bağışlamaz, Tramp heç qəpiyindən də keçməz...
Rəşad müəllimin ( “525-ci qəzet”in baş redaktoru, Mətbuat Şurasının sədri) “10 sentyabr” hekayəsini çoxları oxuyub. Hekayəni indi xatırlamağım da səbəbi bəllidir. Amerika və pul. Əslində isə Rəşad müəllimin hekayəsində bir neçə maraqlı süjet xətləri var. Hekayənin qısa məzmunu isə budur ki, taksi sürücüsü qızını əməliyyat etdirməlidir. Həkim tapılıb, əməliyyatı 150 dollara razılaşdırıblar, qalıb 50 dolları tapmaq. Əlbəttə, ilk ağla gələn borc istəməkdir. Amma hekayədə taksi sürücüsünün dilindən belə bir fikir verilir: “Pulu olanın ürəyi yoxdu, ürəyi olanın pulu”. Taksi sürücüsü amerikalı ilə xanımını maşına götürür, onları lazımı ünvana çatdırır. Evə qayıdanda bir neçə saat sonra məlum olur ki, amerikalıların içi dollarla dolu pulqabısı(çantası) maşında qalıb. Sürücü ürəyinin dərinliyində fikirləşir ki, amerikalı ər-arvad onu görcək sevinəcək və dollardan birini heç olmasa ona verəcək, o da səhər tezdən gedib qızının əməliyyatı üçün həkimlə behləşəcək. Amerikalı qadın taksi sürücüsündən çantanı alan kimi içindəki pulları sayır. Sonra da, xudahafiz..
Sürücünün böyük xəyal qırıqlığı sonradan qurulmuş bir məclisdə belə təsvir edilir: “Mən həmişə demişəm ki, Amerikadan bizə xeyir gəlməz. Bu gün öz sözümə bir daha inandım. Kim olsaydı, min yeddi yüz dollara görə çıxarıb yüz dollar verərdi. Amma bunlar bir “şırvan” da vermədilər. Rus olsa verərdi, nemes də verərdi…” Hekayənin sonluğunda səhəri gün taksi sürücünün yuxuda gördüklərini danışmaqla bitir: “Yekə-yekə binalar alışıb yanırdı...” Oxucuya bəlli olur ki, bu, 11 sentyabr hadisələrindən bir gün əvvəl yaşananlardır.
Kapitalist dünyasının mahiyyətinə toxunulan bu hekayəni sovet vaxtında da “bəzi ixtisarlarla” dərc edərdilər, bəlkə də müəllifə “xalq yazıçısı” adı da verərdilər. Zelenski oxumuş və intellektli adamdır, kapitalist amerikalıları dolayan bir neçə yumorist səhnəcikləri də var, amma bu hekayəni oxusaydı, yəqin bir az da fərqli nəticələr çıxarırdı.
...2000-ci ilin 11 sentyabrından sonra Amerika Əfqanıstanı işğal etdi, Səddam Hüseyni asdı, Bin Ladeni öldürdü, Hüsnü Mübarəki devirdi, Liviya tiranını qətl etdi. Bu kapitalist dünyasının lideri olan ölkədə dəyişməyən isə yenə pul və pula münasibətdir. Tramp bunu gizlətmir, əksinə kapitalist dünyası üçün insan həyatının Ukrayna nümunəsində əhəmiyyətli olmadığını göstərir. “Pulsuz sülh olmaz” deyən, Çörçill də nə qədər də haqlıymış...
Musavat.com