Bir neçə gündür, havaların kəskin soyuması bəzi problemləri də ortaya çıxarıb. Sosial şəbəkələrdə xüsusilə kommunal xidmətlərlə bağlı narazılıqlar səsləndirilir. Belə ki, temperaturun mənfiyə düşməsi qaz və elektrik sərfiyyatını artırıb. Bu da aztəminatlı ailələrin büdcəsinə ciddi zərbə vurub. Digər tərəfdən Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisində şaxtalı hava şəraiti hələ bir neçə gün də davam edəcək.
Belə olduğu halda imkansız ailələr üçün qaz və işıq limiti ləğv edilə, yaxud güzəştlər tətbiq oluna bilərmi?
1xeber.media xəbər verir ki Globalinfo.az-a danışan iqtisadçı Elçin Rəşidov deyib ki, belə bir addımın atılması kommunal xidmət göstərən şirkətlərdə ciddi korrupsiya hallarının yaranmasına səbəb olar:
“Yəni şirkətlər şəffaf fəaliyyət göstərmirlər, ilk növbədə buna nail olmaq lazımdır. Onlar onsuz da ölkənin sərvətlərini qeyri-şəffaf fəaliyyətləri ilə talayırlar. Əlavə sosial öhdəliklərlə yükləməklə qeyd etdiyim proses daha da güclənəcək. Limitin ləğv edilməsinin isə başqa mənfi cəhətləri də var. Bu, insanların daha çox israf etməsinə səbəb olacaq. Onlar resursun daha ucuz və ya tamamilə ödənişsiz olduğunu gördükcə israfa meyillilikləri artacaq. Bu halda da insanlar bu sərvəti talan etmiş olacaqlar. Belə hallar ümumilikdə ölkəni iqtisadi baxımdan geri aparar. Lakin aztəminatlı ailələrin vəziyyətini qaldırmaq lazımdır. İçməli su, elektrik, qaz kimi kommunal xidmətlər, səhiyyə, təhsil, qida, hətta internet baza ehtiyaclar hesab olunur. Bunlar dövlət tərəfindən əhali üçün sığortalanmış şəkildə təmin edilməlidir. İqtisadi baxımdan ən səmərəli yolu isə həmin baza ehtiyaclarının dəyərini müəyyənləşdirmək və insanlara nağd pulla ödəməkdir. Ən az təmin olunmuş insan belə baza ehtiyaclara sahib olsun. Təbii ki, təhsil ödənişsizdir. Səhiyyə sahəsində tibbi sığorta məsələsi var. Digər məsələlərdə onun pulu ödənməlidir. İnsan əlinə pul çatdıqda artıq elektrik, qaz və sair kimi resurslara qənaətlə yanaşacaq”.