Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Şimal, Şimal-Qərb, Qərb və Cənub regional mərkəzləri tərəfindən Xızı, Şəki, Mingəçevir, Oğuz, Samux, Daşkəsən və Yardımlıda ölkə Prezidentinin Sərəncamı ilə 2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar silsilə maarifləndirmə tədbirləri təşkil edilib.
“İnsan hüquqlarının konstitusion təminatları”, “Konstitusiyanın aliliyi və onun hüquqi qüvvəsi”, “Konstitusion hüquqların müdafiəsi mexanizmləri”, “Suverenliyin qorunmasında dini, mənəvi həmrəyliyin rolu” və digər mövzularda keçirilmiş tədbirlərdə çıxışlar zamanı 1995-ci il noyabrın 12-də Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması ilə ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasının qoyulduğunu qeyd edilib.
Həmçinin Vətən müharibəsində əldə olunmuş tarixi Zəfər və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş lokal xarakterli antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edildiyi, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsinin bütün ərazilərdə bərqərar olduğu diqqətə çatdırılıb.