Dünya qlobal temperatur artımını 1,5 dərəcə Selsi səviyyəsinə qədər məhdudlaşdırmaq üçün geri sayım mərhələsindədir və heç bir ölkə bunun nəticələrindən qaça bilməz. Buna görə də COP29-da bu mübarizəni dəstəkləyən ədalətli, səmərəli karbon bazarları, yerli icmaların hüquqlarına hörmət edən və "yaşıl yuyulma" və ya torpaq zəbtinə yer qoymayan bazarlar üçün qaydalar razılaşdırılmalıdır.
1xeber.media xəbər verir ki,bunu BMT-nin Baş katibi Antonio Quterreş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılışında bildirib.
"İqtisadi zərurət hər yeni bərpa olunan enerji mənbələrinin tətbiqi, hər innovasiya və hər qiymət azalması ilə daha aydın və inandırıcı olur. Keçən il ilk dəfə olaraq elektrik şəbəkələrinə və bərpa olunan enerji mənbələrinə investisiyaların həcmi qalıq yanacağa çəkilən xərcləri üstələyib. Demək olar ki, hər yerdə günəş və külək enerjisi yeni və ən ucuz elektrik enerjisi mənbələrinə çevrilir", - Quterreş deyib.
Onun sözlərinə görə, təmiz enerji inqilabı artıq buradadır və heç kim bunu dayandıra bilməz. "Lakin siz qlobal temperatur artımını 1,5 dərəcə Selsiyə qədər məhdudlaşdırmaq üçün bunun ədalətli və kifayət qədər sürətli olmasını təmin edə bilərsiniz və etməlisiniz", - Baş katib vurğulayıb.
O hamını üç prioritetə diqqət yetirməyə çağırıb. Birincisi, qlobal temperatur artımını məhdudlaşdırmaq üçün emissiyalar təcili surətdə azaldılmalıdır ki, bunun üçün də emissiyaların hər il 9 faiz azaldılması vacibdir. 2030-cu ilə qədər emissiyalar 2019-cu ildəki səviyyə ilə müqayisədə 43 faiz azalmalıdır. Bu o deməkdir ki, onlar bütün emissiyaları və iqtisadiyyatı əhatə etməli, bərpa olunan enerji mənbələrinin gücünün üçqat, enerji səmərəliliyinin ikiqat artırılması və meşələrin qırılmasının dayandırılması üzrə qlobal hədəfləri təşviq etməlidir.
Eyni zamanda, qlobal qalıq yanacaq istehsalı və istehlakını 30 faiz azaltmalı, zəruri investisiyaları cəlb etmək üçün milli enerji keçidi strategiyalarını və dayanıqlı inkişaf prioritetlərini iqlim fəaliyyətləri ilə uzlaşdırmalıdırlar.
"Bütün ölkələr öz töhfəsini verməlidir. Lakin G20 liderlik etməlidir. Onlar ən böyük emitentlərdir və ən böyük imkanlara, eləcə də məsuliyyətə malikdirlər və inkişaf etmiş ölkələrin dəstəyi ilə inkişaf etməkdə olan iqtisadiyyatlara texnoloji nou-haularını birləşdirməlidirlər", - A.Quterreş bildirib.
BMT-nin Baş katibi onu da deyib ki, insanları iqlim böhranının dağıdıcı nəticələrindən qorumaq üçün daha çox iş görmək lazımdır: "Ən həssas olanlar iqlim ekstremal hadisələri qarşısında tərk edilmiş vəziyyətdə qalırlar. 2030-cu ilə qədər uyğunlaşma ehtiyacları və maliyyələşdirmə arasındakı fərq ildə 359 milyard dollara çata bilər. Bu çatışmayan dollarlar balansda mücərrəd rəqəmlər deyil - bu, ümidsiz həyatlar, itirilmiş məhsullar və buraxılan inkişafdır".
Onun sözlərinə görə, indi maliyyələşdirmə vədlərini yerinə yetirmək həmişəkindən daha vacibdir. İnkişaf etmiş ölkələr 2025-ci ilə qədər uyğunlaşma maliyyələşdirməsini ildə ən azı 40 milyard dollara qədər ikiqat artırmağa çatmalıdırlar.
A.Quterreş qeyd edib ki, öhdəliklərin real pula çevrilməsi zərurətini nəzərə alaraq, üçüncü prioritet maliyyələşdirmədir: "COP29 iqlim maliyyəsi yolundakı divarları dağıtmalıdır. İnkişaf etməkdə olan ölkələr Bakını boş əllə tərk etməməlidirlər. Razılaşma zəruridir. Bizə müvafiq ana uyğun yeni maliyyə hədəfi lazımdır. İqlim maliyyələşdirməsi lazımdır, əks halda bəşəriyyət bunun əvəzini ödəyəcək".
“İqlim maliyyəsi xeyriyyəçilik deyil, bu bir investisiyadır, iqlim fəaliyyətləri seçim deyil, imperativdir”, - BMT-nin Baş katibi çıxışını yekunlaşdırıb.
Report