Fələstinin HƏMAS hərəkatı ABŞ vətəndaşlığı olan israilli girovu azad etməyə, eləcə də ikili vətəndaşlığı olan dörd ölmüş əsir cəsədini təhvil verməyə hazır olduğunu açıqlayıb.
1xeber.media xəbər verir ki, hərəkat bu barədə cümə günü, martın 14-də yaydığı bəyanatda bildirib.
Həmas danışıqları bərpa etmək üçün vasitəçilərdən bir gün əvvəl təklif aldıqdan sonra girovları təhvil verməyə hazır olduğunu bildirib.
“Biz Amerika vətəndaşlığına malik İsrail əsgəri Edan Aleksandrı azad etməyə və ikili vətəndaşlığı olan dörd ölən girovun cəsədlərini təhvil verməyə razıyıq”, - deyə hərəkatın Telegram kanalında bildirilir.
“The Times of Israel”in yazdığına görə, İsrail əsgəri 2023-cü il oktyabrın 7-də səhər saatlarında Qəzza zolağının yaxınlığında olarkən Həmas tərəfindən əsir götürülüb. Ölən dörd nəfərin adı açıqlanmır.