Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Qələbənin 80 illiyi ilə bağlı mayın 9-da Moskvada keçiriləcək bayram tədbirlərində iştirak etmək dəvətini qəbul etdiyini təsdiqləyib.
1xeber.media xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Ermənistanın baş naziri təsdiq edib ki, o, Rusiya prezidentinin dəvətini qəbul edir və mayın 9-da Moskvada Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi ilə bağlı keçiriləcək yubiley şənliklərində iştirak edəcək”, - Kremlin Teleqram kanalında deyilir.
Qeyd olunur ki, söhbət zamanı Paşinyan Ermənistan və Azərbaycanın sülh müqaviləsinin mətninin təsdiqini başa çatdırdığını və İrəvanın mühüm sənəd imzalamağa hazır olduğunu da bildirib. Rusiya liderinin mətbuat xidməti xəbər verir ki, Putin vurğulayıb ki, Rusiya həmişə regionda təhlükəsizlik üçün Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının tərəfdarı olub və bu məqsədlərə çatmaqda hər iki ölkə Rusiyanın köməyinə ümid edə bilər.