Telegram-ın yaradıcısı Pavel Durov məhkəmənin qərarı ilə Fransanı tərk edib.
1xeber.media xəbər verir ki, bu barədə Agence France-Presse (AFP) məlumat yayıb.
Xəbər agentliyi mənbəyə istinadən dəqiqləşdirdiyi kimi, martın 15-də səhər saatlarında rusiyalı iş adamı Dubaya uçub. Eyni zamanda messencerin yaradıcısına bir neçə həftəlik Fransanı tərk etməyə icazə verilib.
Durov 2024-cü il avqustun 24-də axşam Parisin Le Burje hava limanında saxlanılıb. Telegram-ın təsisçisi daha sonra məhkəmə nəzarətinə götürülüb və ona 5 milyon avro girov ödəməyə qərar verilib. Məhkəmə ona altı ay müddətinə Fransa ərazisini tərk etməyi qadağan edib.
Fransada Telegram rəhbəri 12 maddə üzrə cinayətlərdə iştirakda şübhəli bilinir. İstintaq Durovun qeyri-qanuni internet fəaliyyəti, o cümlədən uşaq pornoqrafiyasının yayılması və narkotik alveri haqqında məlumatların gizlədilməsində iştirakını araşdırır.