Вернуться назад Распечатать

“Nə quyruğu var, nə buynuzu” – Bakıda sürücülərdən pul “yığır”…

Bakıda parkinq məsələsi hələ də həllini tapmayan problemlərdəndir. Bu sahədə böyük məbləğdə vəsait toplansa da, hara getdiyi müəmmalıdır.  “Azparkinq” MMC yaradılana qədər şəhərdə xaotik parklanma sistemi var idi. Sürücülərdən toplanan pulların hamısı ayrı-ayrı şəxslərin cibinə gedirdi. Nəticədə külli miqdarda vəsait dövlətdən gizlədilirdi.

“AzParkinq” istifadəyə veriləndən sonra bu sahədə müəyyən qədər nizam yaradıldı. Ödənişlərin ünvanı bilindi. Lakin Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) yeni parklama siyasəti də vəsaitlərin aqibətini sual altında qoydu. Toplanan ödənişlərin ümumi məbləği haqqında məlumat açıqlanmır, onların hansı məqsədlə istifadə edildiyi bəlli deyil. “AzParkinq” faktiki olaraq gizli qutuya çevrilib.

Parkinqlərdə yığılan pullar hara gedir? AYNA bununla bağlı medianın sorğusuna cavab verməlidirmi?

İqtisadçı Xalid Kərimli deyib ki, qurum birmənalı olaraq sualları cavablandırmağa borcludur:

“Təbii ki, dövlət sirrini vermək mümkün deyil, amma qalan məlumatlar cəmiyyətə şəffaf şəkildə açıqlanmalıdır. Azərbaycan Dövlət Neft Fondu aylıq hesabat verir, Mərkəzi Bank və digərləri rəsmi informasiyaları elan edir. AYNA-nın nə quyruğu var, nə də buynuzu… Hazırda parklanmadan yığılan pulların hara getməsinə gəldikdə, qanunvericilik oğurluğu minimuma salıb. Hamı elektron tətbiq üzərindən ödənişlər edir və proses şəffafdır. Bundan yayınma ehtimalı yoxdur. Lakin rəhbərlik istəsə, edə bilər. Buna baxmayaraq, indiki elektron sistemlərdə oğurluq rahat olmur. Güman edək ki, belədir, amma əminlik yoxdur”.

İqtisadçı bildirib ki, yığılan pullar AYNA-ya getsə də, miqdarı, hara xərcləndiyi barədə hesabat olmalıdır:

“Əgər müdirin maaşının artırılmasına gedirsə, onda əvvəlki sistem yaxşı idi. Yox, toplanan pullar səkinin, yolun bərpasına və sair məsələyə xərclənirsə, o zaman hesabat təqdim edilsin”.

Globalinfo.az