İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
1xeber.media xəbər verir ki, məktubda deyilir:
"Mərhəmətli və rəhmli Allahın adı ilə!
Zati-aliləri.
Təbiətin yenidən canlandığı, firavan gələcəyin ümidli şəfəqi və Hicri-şəmsi təqvimi ilə 1404-cü ilin başlanğıcı olan Novruz bayramı münasibətilə Sizi və Azərbaycan Respublikasının hörmətli xalqını səmimi-qəlbdən təbrik edirəm.
Bahar təbiətin ahənginin təcəssümüdür, mehribanlıq, şəfqət və həyatın yenilənməsinin mənbəyidir. Ümid edirəm ki, bu yeni il bizim ölkələrimizin dost münasibətlərinə müstəsna transformasiya gətirəcək və xalqlarımızın rifah və firavanlığına xidmət edəcək.
Uca Allahdan Zati-alinizə cansağlığı və uğurlar diləyir, Azərbaycan Respublikasının xalqına isə xoşbəxtlik və tərəqqi, o cümlədən Novruz bayramını qeyd edən xalqların regionunda əlaqələrin və əməkdaşlığın daha da genişləndirilməsini arzulayıram".
***
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu!
Dəyərli qardaşım!
Baharın oyanışı və yenilənməsi bayramı - Novruz bayramı münasibətilə Sizə və bütün Azərbaycan xalqına səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.
Qardaş xalqlarımız əsrlər boyu bu bənzərsiz bayramı qarşılıqlı mərhəmət və qayğı, xeyirxahlıq, birlik və dostluq kimi ali dəyərləri tərənnüm edən, insanı daim təbiətlə ahəngdar şəkildə yaşamağa səsləyən mübarək bayram kimi geniş qeyd edir və dəyərləndirirlər.
Son illərdə birgə səylərimiz nəticəsində ikitərəfli münasibətlərimizin bütün prioritet sahələrdə ardıcıl inkişaf edərək strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəlməsi bizi sonsuz sevindirir.
Əminəm ki, bundan sonra da fəal dialoqlarımız, ortaq səylərimiz və birgə məqsədyönlü fəaliyyətimiz sayəsində dostluğumuz və hərtərəfli əməkdaşlığımız dinamik inkişaf edəcəkdir.
Bu əzəmətli və nurlu anlarda Sizə və bütün ailə üzvlərinizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə böyük uğurlar, dost Azərbaycan xalqına isə sülh, əmin-amanlıq, davamlı inkişaf və rifah arzulayıram".