"AFB Bank" Açıq Səhmdar Cəmiyyətinə vergi yoxlaması keçirilib.
Valyuta.az-ın məlumatına görə, Dövlət Vergi Xidməti tərəfindən aparılan yoxlamalar zamanı "AFB Bank” ASC-də səyyar vergi yoxlaması üzrə məsuliyyətə cəlbetmə qərarının nəticəsində 571963.53 manat əlavə vergi, 345991.01 manat maliyyə sanksiyası hesablanıb.
Qeyd edək ki, "AFB Bank” ASC-nin İdarə Heyətinin sədri Orxan Xubanlı bu ilin fevral ayında vəzifəsindən ayrılıb. Ehtimal edilir ki, o, sözügedən pozuntulara görə postundan gedib.
"AFB Bank” Müşahidə Şurasının qərarına əsasən, İdarə Heyətinin sədrinin vəzifələrini Lalə Quliyeva icra edəcək. O, hazırda bankın İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışır.
Xatırladaq ki, "AFB Bank” ASC-nin səhmlərinin 99,6 faizi fövqəladə hallar naziri Kəmaləddin Heydərovun nəzarətində olduğu bildirilən "Gilan” MMC-yə məxsus olub. 2019-cu ilin fevral ayında "Gilan” MMC bankdakı səhmlərinin hamısını Hikmət Əbuzər oğlu İsmayılova satıb. Hikmət İsmayılov Kəmaləddin Heydərovun bacanağıdır. Bu o deməkdir ki, "AFB Bank” ASC yenə də Kəmaləddin Heydərovun nəzarətindədir.