Amerika-Fransa-İtaliya avtomobil konserni Stellantis Kanadanın Ontario əyalətindəki avtomobil yığım zavodunda iki həftəlik işini dayandırmaq qərarına gəlib.
1xeber.media xəbər verir ki,bu barədə The Globe and Mail yazır.
Nəşr qeyd edir ki, qərar ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi yüksək idxal rüsumlarının mənfi təsiri ilə əlaqədar qəbul edilib.
Daha sonra brendləri Alfa Romeo, Chrysler, Citroen, Dodge, Fiat, Jeep, Maserati, Opel və Peugeot olan bu transmilli korporasiyanın nümayəndəsi RİA Novosti ilə söhbətində aydınlaşdırıb ki, Stellantis təkcə Kanadada deyil, həm də Meksikada bir sıra zavodlarda işini dayandıracaq. Onun sözlərinə görə, yeni tariflərin nəticələrinin qiymətləndirilməsi, digər məsələlərlə yanaşı, istehsalın dayandırılmasını tələb edir.
Bundan əvvəl məlum olmuşdu ki, Amerikanın ən iri avtomobil istehsalçıları 25 faizlik idxal tariflərinin sənayeyə ciddi zərbə vuracağından ehtiyat edərək, ABŞ hakimiyyətini aqressiv ticarət və iqtisadi siyasətlərini yumşaltmağa inandırmağa çalışıblar.
Amerikanın yeni tarifləri fonunda inkişaf edən vəziyyət qlobal iqtisadiyyat üçün dönüş nöqtəsi adlandırılır. Fitch Ratings-də ABŞ-ın iqtisadi araşdırmalar şöbəsinin rəhbəri Olu Sonolanın fikrincə, Trampın qərarları dünyanın bir çox ölkəsinin tənəzzülə uğramasına səbəb olacaq.