Kiyevdə Fransa, Böyük Britaniya və Ukrayna nümayəndələrinin Rusiya ilə münaqişənin həllindən sonra hərbi kontingentin mümkün yerləşdirilməsi məsələsinə dair görüşü başlayıb.
1xeber.media xəbər verir ki, bu barədə aprelin 4-də yerli “Obşçestvennoye” nəşri yazıb. “Fransa-Britaniya nümayəndə heyətinin Ukrayna paytaxtına səfərinin məqsədi Ukraynada xarici kontingentin yerləşdirilməsi imkanlarını müzakirə etməkdir”, - məqalədə deyilir.
Diplomatik dairələrdəki mənbə görüşün artıq başladığını nəşrə təsdiqləyib. Onun sözlərinə görə, hərbi qərargah rəisləri səviyyəsində danışıqlar aparılır. Fransa nümayəndə heyətinə general Thierry Burckhardt, britaniyalı admiral Entoni Radakin rəhbərlik edir.
Bundan əlavə, onların Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşü planlaşdırılır.
“Financial Times” aprelin 3-də yazıb ki, Avropa İttifaqı (Aİ) Ukraynada sülhməramlı qüvvələrin yerləşdirilməsi üçün NATO komandanlıq strukturlarından istifadə imkanlarını araşdırır. “İstəyənlərin koalisiyası” ölkədə “təhlükəsizlik qüvvələrinin” yerləşdirilməsində alyansın komanda və nəzarət strukturlarının istifadə olunacağı təşəbbüsü müzakirə edib.