Вернуться назад Распечатать

Kadırovdan çeçenlərə “göz dağı”...

Çeçenistan başçısı Ramzan Kadırov hakimiyyətə qarşı qalxmaq istəyən çeçenlərin “gözünü qırmaq” üçün növbəti dəhşətli addım atıb.

Rusiya mediası xəbər verir ki, Çeçenistanda yol polisinə hücum etdiyi deyilən 17 yaşlı oğlanın meyiti mərkəzi meydana gətirilərək, yerə atılıb və yerli sakinlərə nümayiş etdirilib.

Bu barədə sosial şəbəkələrdə yayımlanan videolar dəhşətlə qarşılanıb. Meyit xeyli müddət küçədən yığışdırılmayıb və büdcə təşkilatlarının işçiləri zorla meydana gətirilib. Eləcə də meydana yeniyetmənin yaxınları, qohum-əqrəbası toplaşıb.

Söhbət 17 yaşlı Eskerhan Xumaşevdən gedir. Onun aprelin 7-də Açxoy-Martanda Axmat Kadırov küçəsində yerləşən keçid məntəqəsində bıçaqla polis əməkdaşlarına hücum etdiyi, nəticədə polislərdən birinin xəstəxanada öldüyü deyilir. Cavab atəşi ilə Xumaşev öldürülüb.

Yeniyetmənin meyiti Açxoy-Martan bələdiyyəsinin administrasiyası yaxınlığında da insanlara göstərilib. Heç bir qanunda nəzərdə tutulmayan bu davranış böyük hiddətlə qarşılansa da, əhali hər hansı etiraz bildirmək iqtidarında deyil…


Ramzan Kadırov təhlükəsizlik orqanlarının rəhbərləri ilə görüşdə iddia edib ki, guya yeniyetmənin hücumu Ukrayna tərəfindən təşkil olunub. O deyib ki, baş verən hadisəyə görə yeniyetmənin yaxınları cavab verməli, hətta onların əmlakları müsadirə olunmalı, özləri Çeçenistandan qovulmalıdır.

Azpolitia.az