Xəbər verdiyimiz kimi, tanınmış həkim, fizioloq Rəşid Mahmudovun spirtli içki istehsal edən bir zavodu açıq şəkildə tərifləməsi və insanlara "təmiz araq" içməyi tövsiyə etməsi cəmiyyətdə geniş rezonans doğurub. Rəşid Mahmudovun bu sözləri bəziləri tərəfindən yerli istehsalın təşviqi kimi qəbul edilsə də, digərləri hesab edir ki, bir həkimin belə bir reklam xarakterli çıxışı xüsusilə də spirtli içkilərin sağlamlığa mənfi təsirlərinin məlum olduğu bir zamanda cəmiyyətə zərər verə bilər.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan Rəşid Mahmudov bildirib ki, reklama çəkilməkdə başlıca məqsədi içki içənlərə keyfiyyətli arağı göstərməkdir:
“Bu millətin içərisində araq içən var yoxsa yox? Bu rusdan bizə qalmadır. Müsəlman araq içməməlidir. Araq zavodu da olmamalıdır. Amma var. Sən bunun qarşısını zorla saxlaya bilməzsən. Mən deyirəm araq içməyin. Amma elə xəstəliklər var ki, araqla müalicə edilir. Taun və vəba kimi xəstəliklərdə həkimlər araq, spirt qəbul etdirirlər ki, həmin mikroblar bu vasitə ilə ölür. Digər tərəfdən, bu insanlar bilməlidir ki, arağın spritini neftdən də, kartofdan da, vələmirdən də alırlar. Ən yaxşı spirt isə taxıldan alınan spirtdir. Mən deyirəm ki, bu araq zəhərlidir. Onun tərkibində sivuş yağları və çoxlu inqridientlər var. Onlar qaraciyəri, mədəaltı vəzi və böyrəkləri zədələyir. Amma təmiz, inqridienti olmayan spirt zədələmir. Deyirəm içməyin, içirsiniz yaxşısını için”.
Fizioloq reklamla bağlı yüksək qonarar alması ilə bağlı səsləndirilən iddialara da aydınlıq gətirib:
“Milyon manat almışam. Onu yazanların başı xarabdır. Bu millət araq içir də. Deyirəm ki, içməyin, içirsinizsə də yaxşısını için. Bədənə zərər verəni, öldürəni içməyin. Əslində bununla AQTA məşğul olmalıdır. Elə xəstəliklər, viruslar var ki, onların müalicəsi spirtlə edilir. Hətta koronavirus vaxtı da araq ona təsir edir. Deyirəm araq içməyin, müsəlmanıq biz. Araq zavodları da ləğv olunsun. Amma olmur axı. İçənlər var və bunun qarşısını ala bilməzsən. Neçə illər rusun əsarətində olmuşuq və içirik. Bu, bədəni, bir çox orqanı zədələyir. Mən insanları yaxşı yola dəvət edirəm, onlar da deyir ki, çoxlu pul alıb, ona görə reklam edir. Birincisi almamışam, almışamsa, belə yaxşı etmişəm! Beynimin məhsulundan almışam. Məgər bu qəbahətdir?! Mən dediyim şeylər hamısı qanunidir, düzgündür. Mən milləti düz yola dəvət edirəm. Gedib axmaq araqları içib xəstələnirlər. Mən onun qarşısını almaq üçün edirəm, qoy nə yazırlar yazsınlar. Mən özümü yaxşı tanıyıram. Rəşid müəllim milyoner olub. Ay bədbəxt millət, Rəşid müəllimin heç velosipedi də yoxdur!”.