Alimlər ilk dəfə olaraq Antarktidada elə də böyük ölçüsü olmayan kəhrəba aşkar ediblər. Bu qiymətli tapıntı qitədə bitən meşələri də araşdırıb öyrənməyə kömək edib.
Böyük Britaniyanın elm ocağı kimi dünya şöhrəti qazanan Kembric Universitetinin əməkdaşı Coan Filipp Kleyqsin rəhbərlik etdiyi bir qrup alim Antarktidada ilk dəfə kəhrəba kəşf edib. Qalıq qatran parçaları təxminən beş santimetr qalınlığında olan linyit qatında tapılıb.
Bu gözoxşayan, qiymətli daş qitənin qərb hissəsindəki Şam adasının şelfində aşkar olunub. İlk nadir tapıntı həmçinin də belə bir qənaətə gəlməyə əsas verir ki, 83-92 milyon il əvvəl Antarktidada iynəyarpaqlı ağacların bitdiyi meşələr mövcud olub və onlar bataqlıq ərazilərdə artıb, çoxalıb.
“Bu ətraf mühitin şəraiti ağacın, eləcə də digər bitki qatranlarının tam qorunması və daşlaşması üçün idealdır. Çünki ancaq bunun üçün fosilləşməyə uyğun kimyəvi tərkibə malik qatran istehsal edən çoxlu sayda ağaclar, həmçinin tam oksigendən məhrum olan basdırılma, yetişmə şəraiti lazım gəlirdi” – söyləyən tədqiqat müəllifi Coan Filipp Kleyqs bildirib.
Alimlər yeni aşkar edilmiş nadir materialı qurudublar, daha sonra isə bu kəhrəbanı araşdırmaq üçün mikroskopiyadan, eləcə də flüoresan mikroskopiyasından istifadə etməklə, tədqiqatına başlayıblar. Sonda təmizlənən, həmçinin Şərqdə ənbər daşı adlandırılan kəhrəba tamamilə şəffaf bir rəng alıb və saf, keyfiyyətli hala gətirilib.
Tədqiqat müəlliflərinin fikrincə, yeni kəşf olunan bu nadir kəhrəba daşı tamamilə öz formasını almaqdan ötrü çox münbit bir şəraitdə əmələ gəlib. Elm adamlarının dediyinə görə isə əslində yeni tapılmış bu daş heç də çox dərinlikdə deyil, dayaz bir bataqlığın yerləşdiyi ərazinin alt qatında olan dərinlikdə yatdığından, həmçinin də orta temperaturda olduğundan kəhrəba formasını alıb.
Məhz bu yeni kəhrəba kəşfinin sayəsində ətraflı, geniş elmi araşdırmalara başlayan alimlər Antarktidanın qədim meşələrinin necə meydana gəldiyini, bu ərazilərdəki meşələrin, göllərin hansı ekosistemin bir hissəsi olduğunu və milyon illərin tarixini özündə gizləyən həmin təbiətin o dövrün şərtlə necə uyğunlaşdıqlarını tədqiq edib elmi nəticələr əldə etməklə, Antarktidanı tam anlaya biləcəklərinə ümid edirlər. (Azpost.info)