Noyabrın 16-da Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH), Dövlət Turizm Agentliyinin Lənkəran Regional Turizm İdarəsi və Lənkəran Dövlət Peşə Mərkəzinin birgə təşkilatçılığı ilə Qala Xiyabanında “Yaşıl Dünya Naminə Ekofestival” keçirilib. “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən festivalda Lənkəran ŞİH başçısı Taleh Qaraşov, icra başçısı aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, rayonda fəaliyyət göstərən sənaye, kənd təsərrüfatı emalı müəssisələri, milli parklar, mədəniyyət, idman, turizm, orta və peşə təhsili müəssisələri hər biri öz pavilyonları ilə festivala qatılıblar. Festivalda yerli istehsal və emal müəssisələrinin çoxçeşidli məhsulları, ayrı-ayrı təsərrüfatlarda yetişdirilən ekoloji cəhətdən yüz faiz təmiz məhsullar, milli və yerli mətbəx nümunələri, sitrus meyvələri, çay, yerli sənətkarların əl işlərindən ibarət məhsullar nümayiş olunub, “Nənələr” və “Babalar” folklor rəqs qrupları və digər musiqi kollektivlərinin ifasında bədii proqram təqdim edilib. Qeyd edək ki, festival çoxsaylı yerli və xarici turistlər tərəfindən böyük maraqla qarşılanıb, onlar yerli mədəniyyət, folklor, incəsənət və mətbəximizin nümunələri ilə tanış olublar.
İcra başçısı bütün pavilyonlara baş çəkib, təqdim olunan əl işləri, məhsullar, bədii kompozisiyalar, rəqslər, musiqi və idman nömrələrini izləyib. Taleh Qaraşov yerli insanlarla söhbət edib, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində rayonda çoxsaylı tədbirlərin keçirildiyini, sözügedən festivalın da onlardan biri olduğunu bildirib.
İcra başçısı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının ölkəmizdə keçirilməsinin əhəmiyyəti barədə danışıb. İcra başçısı bildirib ki, ölkəmizin zəngin və həssas biomüxtəlifliyinin mühafizəsi, yaşıllıqların artırılması, bərpası və ətraf mühitin qorunması naminə görülən səylərdə fəal iştirak etməyə və ətraf mühitin çirkləndirilməməsinə daha diqqətlə yanaşılması olduqca vacibdir.